AnalizXəbərlər

BARBAROS sahil mühafizə kompleksi – TƏHLİL

Sahil mühafizəsinin təşkilində raket komplekslərinin özünəməxsus yeri var. Bu raket kompleksləri düşmən suüstü gəmilərini məhv etmək, sahil xətlərini, dəniz bazalarını qorumaq və ərazi sularına nəzarət etmək üçün hazırlanmış mobil və ya stasionar silah sistemidir.

“Poliqon”un məlumatına görə, sahil mühafizə raket sistemləri gəmi əleyhinə raketlərin yerüstü bazalanmalı versiyalarıdır. Qlobal miqyasda bu sistemlər əsasən mobildir və yük maşınlarına quraşdırılır.

Dünyada ən çox sayda gəmi əleyhinə raket, qırıcı təyyarə, qanadlı raket, nüvə raketi və nüvə sualtı qayığına sahib olan ABŞ ordusu belə sahil müdafiə sistemlərini hərbi inventarına daxil edir. Yük maşınlarına quraşdırılmış sahil mühafizə komplekslərindən istifadə edən və ya inkişaf etdirən əsas ölkələr ABŞ, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çin, Fransa, Hindistan, Yaponiya, Norveç, Pakistan, Rusiya, Serbiya və Ukraynadır. Xüsusilə Rusiya bu sistemləri gizlədilə bilən, sabit yerüstü batareyaları kimi səfərbər edir. Çin bu yaxınlarda nüvə başlıqlı ballistik raket əleyhinə gəmi istehsal edib və inventarına əlavə edib.

Ümumilikdə sahil mühafizə kompleksləri Hərbi Dəniz Qüvvələrini (HDQ) dəstəkləyir və ərazidə və ya mövqedə açılmaya hazırlaşarkən düşmən təyyarədaşıyan gəmilərini faktiki olaraq məhv etmək gücünə malikdir.

Son illərdə Türkiyə əhəmiyyətli müdafiə sənayesi investisiyaları vasitəsilə xarici mənbələrdən asılılığını əhəmiyyətli dərəcədə azaldıb, eyni zamanda ordusunu yeni və texnoloji cəhətdən inkişaf etmiş sistemlərlə təchiz edərək güclü və məğlubedilməz bir Türkiyə ordusu yaradıb. Daxili inkişaf etdirilən bu əhəmiyyətli müdafiə sənayesi investisiyaları bir çox sahəni əhatə edir: quru, dəniz və hava. Türkiyə, xüsusən də Hərbi Dəniz Qüvvələrinə yatırdığı investisiyalar vasitəsilə son münaqişələrin yaşandığı bir bölgədə öz təhlükəsizliyinə və dəniz təhlükəsizliyinə böyük əhəmiyyət verir. BARBAROS sahil mühafizə kompleksi bunun bariz nümunəsidir.

BARBAROS, dəniz sərhədlərini qorumaq qabiliyyətini artırmaq üçün Türkiyənin ROKETSAN şirkəti tərəfindən hazırlanmış və istehsal olunmuş yerli sahil mühafizə kompleksidir. Dənizdən gələn təhdidlərin daimi və daim dəyişən təbiəti, müdafiə doktrinasında sahil müdafiəsinin əhəmiyyətini artırır. Bu kontekstdə BARBAROS kompleksi, mobil batareyalar vasitəsilə dəniz mühitindən gələn təhdidlərə sürətli reaksiya, çevik açılma, inteqrasiya qabiliyyəti və aşağı logistika kimi meyarlara cavab vermək üçün hazırlanmışdır.

Qeyd etmək lazımdır ki, kompleks ilk dəfə 2022-ci ildə Sinop sahillərində BARBAROS raketinin uğurlu sınaq atışları ilə ictimaiyyətə elan edilib. ÇAKIR raketinin inteqrasiya sınaqları 2023-2024-cü illərdə başa çatdırılmış və kompleksin əməliyyat imkanlarını sübut edib. Kompleks 2024-cü və 2025-ci illərdə beynəlxalq sərgilərdə nümayiş etdirilib və Türkiyənin müdafiə ixrac potensialını vurğulayıb.

BARBAROS sahil mühafizə kompleksi modul və mobil nəqliyyat vasitəsi-batareya quruluşuna əsaslanır. Onun əsas komponentləri aşağıdakılardır:

– ATMACA raket sistemi – milli gəmi əleyhinə raket (anti‑ship missile) kimi tanınır. Uzaq mənzilli qanadlı raketdir və bir batareyada 4 ədəd olmaqla istifadə edilə bilir. Yerüstü bazalanmalı versiya sahildən dənizə atəş açmaq qabiliyyətinə malikdir. Atış məsafəsi 250 km, çəkisi 750 kq və döyüş başlığının (qəlpəli effekti fuqas mərminin) çəkisi 220 kq-dir. Hədəflərinə hərəkətli suüstü gəmilər və stasionar quru hədəfləri daxildir. Radiolokasiya/infraqırmızı tuşlama, aşağı radiolokasiya izi, yerli KTJ-3200 mühərriki kimi xüsusiyyətlərə sahibdir. Yerüstü versiyası sahil müdafiəsi üçün optimallaşdırılıb.

– ÇAKIR raket sistemi – milli qanadlı raket kimi hazırlanıb. Daha qısa mənzilli bir seçimdir və bir batareyada 6 ədəd olmaqla istifadə edilə bilir. Quruda yerləşən buraxma qurğusu vasitəsilə tətbiq edilir. Uçuş mənzili 150+ km, çəkisi 300 kq və nüfuz edən döyüş başlığının çəkisi 200 kq-dir. Hədəfləri sırasında dəniz və quru hədəfləri yer alır. İnersial/GPS tuşlama və maneələrə davamlılıq kimi xüsusiyyətlərə malik olmaqla, daha yüngül və daha sürətli atəş üçün idealdır.

– Komanda və idarəetmə vasitəsi (Command and Control Vehicle) tapşırıq planlaşdırması, hədəf aşkarlanması və atəşi idarəetmə funksiyalarını özündə birləşdirir. Sistemləri əlaqələndirən, tapşırıq planlaşdırması, hədəf aşkarlanması və döyüş əməliyyatlarının idarə olunmasına məsul olan mərkəzi elementdir. Zərurət olduqda sahil müşahidə radiolokasiya stansiyası (RLS) inteqrasiya edilə bilər. Bu da Türkiyənin mövcud ADVENT (Ağ Destekli Veri Entegre) Döyüş İdarəetmə Sistemi kimi müdafiə şəbəkəsi sistemləri ilə inteqrasiyaya imkan verir.

– Radiolokasiya ve sensör sistemleri – sahil müşahidə RLS-ləri, çox güman ki, ASELSAN SERDAR X-diapazonu kimi yüksək dalğa genişliyinə malik RLS-lər tərəfindən dəstəklənəcək. Şəbəkə tərəfindən dəstəklənən məlumatların toplanması, RLS məlumatlarının emalı, hədəfin izlənməsi və tanınması infrastrukturuna malikdir.

– Mobil batareyanın quruluşu və portativliyi – sistem mövqedə açılmadan atəşə hazırlığa qədər olan vaxt baxımından yüksək mobilliyə malikdir. Təsvirlərə görə, kompleks “5 dəqiqədən az müddətdə yerini dəyişmək” qabiliyyətinə malik olacaq. Batareya, raketlərin atıldığı və 8×8 zirehli maşına quraşdırıldığı platformalar olan komanda-idarəetmə maşınından, buraxma qurğusundan və nəqletmə-doldurma maşınından ibarətdir. Hər batareyada simvolik 4 ədəd ATMACA və ya 6 ədəd ÇAKIR raketinin eyni vaxtda daşınması/atılması planlaşdırılır.

Sistem strateji təhlükə mühitində sahil təhlükəsizliyi baxımından bir sıra üstünlüklər təklif edir:

– sərhəd dəniz zonalarına yaxınlaşan düşmən gəmilərinə və ya suüstü hədəflərə qarşı çəkindirici qüvvə təmin edir, dəniz qüvvələri ilə koordinasiyalı şəkildə işləyərək suverenlik iddialarının qorunmasına töhfə verir.

– mobil batareyalara və yerli sursatların istifadəsinə əsaslanan sistem, sabit sahil batareyaları ilə müqayisədə daha aşağı lojistik yük, daha çevik açılma və qəfil buraxılış qabiliyyəti təklif edir.

– ATMACA və ÇAKIR kimi milli raketlərin inkişafı, istehsal gücü, sistem inteqrasiyası və komanda-idarəetmə infrastrukturunun lokallaşdırılması Türkiyənin müdafiə sənayesinin yetkinləşməsində mühüm addım təşkil edir.

– Türkiyənin Egey, Aralıq dənizi və Qara dənizlərdəki sahil xəttinin uzunluğu, dar boğazlar, adalar və yarımadalar, dəniz yolları və dəniz təhdidləri səbəbindən kritik əhəmiyyət kəsb edir. BARBAROS kompleksi bu coğrafi reallıqlara uyğun müdafiə təbəqəsi təklif edir.

– Türkiyə hava hücumundan müdafiə, hərbi dəniz müdafiəsi və quru müdafiəsi kimi sahələrdə çoxqatlı müdafiə yanaşması tətbiq edir. “BARBAROS” kompleksi, dəniz müdafiə xəttinin quru və hava müdafiə sistemləri ilə əlaqəli şəkildə işləməsini təmin edəcək bir vasitə kimi bu strategiyaya töhfə verir.

ROKETSAN şirkətinin istehsal etdiyi BARBAROS sahil mühafizə kompleksi əhəmiyyətli bir dəniz müdafiə sistemidir və Hərbi Dəniz Qüvvələrinin ən böyük elementlərindən biridir. O, dəniz suverenliyini qorumaqda əhəmiyyətli bir texnoloji sıçrayışı təmsil edir. Türkiyənin daxili müdafiə sənayesi imkanlarını birləşdirən, ATMACA və ÇAKIR raketləri ilə təchiz olunmuş bu mobil, sürətlə açıla bilən və şəbəkələşmiş sistem, müdafiə strategiyasında mühüm rol oynamaq potensialına malikdir. Sistemin inkişaf prosesi irəlilədikcə, onun texniki imkanları və xüsusiyyətləri açıqlanacaq məlumatlar əsasında daha aydın şəkildə qiymətləndiriləcəkdir.

Əhəd Vahidoğlu

Back to top button