
BƏƏ-də IDC-2025 Beynəlxalq Müdafiə Konfransı keçiriləcək
IDC-2025 Beynəlxalq Müdafiə Konfransı 16 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində “Müdafiənin Yenidən Təsəvvürü: İnnovasiya, İnteqrasiya və Dayanıqlılıq” mövzusu altında keçiriləcək.
“Poliqon” xəbər verir ki, konfrans, BƏƏ-nin Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın himayəsi altında təşkil edilən Beynəlxalq Müdafiə Sərgisi və Konfransı (IDEX) və Dəniz Müdafiə və Təhlükəsizliyi Sərgisi (NAVDEX) 2025 ilə eyni vaxtda baş tutacaq.
ADNEC Group tərəfindən BƏƏ Müdafiə Nazirliyi və “Tawazun” şurası ilə strateji tərəfdaşlıq çərçivəsində təşkil olunan IDC, dünyanın aparıcı qərar qəbul edən şəxslərini, ekspertlərini və liderlərini bir araya gətirən qlobal platformadır. Konfransın əsas məqsədi müxtəlif dövlətlər, institutlar və müdafiə şirkətləri arasında əməkdaşlığı gücləndirmək, qlobal təhlükələr və çağırışları müzakirə etmək, gələcəyə dair innovativ həll yolları təqdim etməkdir.
Konfrans çərçivəsində üç əsas sessiya keçiriləcək:
- “Qlobal Pozulmalar və Müdafiə Hazırlığı: Tənzimləyici Təchizat Zəncirlərinin Qorunması”;
- “Dezinformasiya və Təsir Əməliyyatları: Müasir Münaqişələrdə İnformasiyanın Silaha Çevrilməsi”;
- “Kosmos: Müdafiə və Təhlükəsizlik üçün Yeni Səhnə”.
Birinci sessiya qlobal pozulmaların – geopolitik gərginliklər, təbii fəlakətlər, kiberhücumlar və pandemiyalar kimi təhdidlərin müdafiə sektoruna təsirlərini araşdıracaq. Eyni zamanda, müdafiə və milli təhlükəsizlik üçün kritik tədarük zəncirlərinin möhkəmləndirilməsi yolları, hökumətlər və özəl sektor arasındakı əməkdaşlıq və texnoloji yeniliklərin rolu müzakirə olunacaq.
İkinci sessiya, dezinformasiya texnologiyalarının müasir münaqişələrdə necə istifadə edildiyini araşdıracaq. Burada süni intellektin dezinformasiya kampaniyalarının yaradılmasındakı rolu, dezinformasiyanın cəmiyyət və siyasi sistemlərə təsiri, sosial media platformalarının bu sahədə oynadığı rol və dezinformasiyaya qarşı strategiyalar müzakirə ediləcək.
Üçüncü sessiya isə kosmosun müdafiə və müharibə strategiyalarında artan əhəmiyyətini nəzərdən keçirəcək. Kosmosda raket müdafiəsi, peyk rabitəsi və situasiya məlumatlandırılması sahələrində yeni texnologiyaların inkişafı, kosmik təhlükələr və bu sahədə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Konfrans çərçivəsində tanınmış beynəlxalq mütəxəssislər, o cümlədən Massaçusets Texnologiya İnstitutunun (MIT) Nəqliyyat və Logistika Mərkəzinin direktoru Dr. Yossi Sheffi, müxtəlif ölkələrin hərbi liderləri və təhlükəsizlik üzrə ekspertlər çıxış edəcəklər. Konfransın yekun sessiyasında isə gələcək müdafiə proqramlarının formalaşdırılması üçün strateji tövsiyələr təqdim olunacaq.