
BƏƏ IDEX-2025 sərgisinin ilk günündə 1 milyard ABŞ dolları dəyərində müqavilələr imzalayıb
IDEX-2025 və NAVDEX-2025 sərgilərinin ilk günündə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfi yerli və beynəlxalq şirkətlərlə 3.97 milyard AED (1.08 milyard ABŞ dolları) dəyərində 13 müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, bu, “Tawazun” Şurasının sözçüləri Majed Ahmed Al Caberi, Mohammed Saif Al Zaabi və Mahra Belal Al Dhaherinin iştirakı ilə keçirilən mətbuat konfransında elan edilib.
Bildirilib ki, müqavilələr Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələri üçün satınalma və sövdələşmələrin idarə edilməsinə cavabdeh olan BƏƏ-nin “Tawazun” Şurası tərəfindən imzalanıb.
Maha Bilal Al Dhaheri sərgilərin ilk günündə yerli şirkətlərlə bağlanan müqavilələrin ümumi dəyərinin 3.825 milyard AED (1.04 milyard dollar) olduğunu və doqquz sövdələşmənin imzalandığını açıqlayıb.
Şuranın ilk gün yerli şirkətlərlə imzaladığı müqavilələrə aşağıdakılar daxildir:
- “International Golden Group” (IGG) şirkəti ilə döyüş sursatlarının tədarükü üçün 685.8 milyon AED (186.6 milyon dollar);
- “Thales Emarat Technologies” şirkəti ilə ehtiyat hissələrin və avadanlıqların satın alınması, o cümlədən texniki xidmət və dəstəyin göstərilməsi üçün 110.5 milyon AED (30 milyon dollar);
- “EDGE Group” şirkəti ilə məlumat təminetmə proqramı və smart xidmətlər üçün 399.4 milyon AED (108.7 milyon dollar);
- “Calidus Land Systems” ilə çoxməqsədli MTAV 4X4 nəqliyyat vasitələrinin alınması üçün 1.809 milyard AED (492.4 milyon dollar)
- “Al Masaood” ilə ehtiyat hissələrin və avadanlıqların satın alınması, o cümlədən texniki xidmət və dəstəyin göstərilməsi üçün 20 milyon AED (5.4 milyon dollar);
- “National Marine Dredging” şirkəti ilə insansız platformaların alınması üçün 299.2 milyon AED (81.4 milyon dollar);
- “Global Aerospace Logistics” (GAL) şirkəti ilə ehtiyat hissələrin və avadanlıqların satın alınması, o cümlədən texniki xidmət və dəstəyin göstərilməsi üçün 53 milyon AED (14.4 milyon dollar);
- “International Golden Group” və MP3 şirkətləri ilə pilot missiyaları, təyyarələrin xilasetmə avadanlığı və ehtiyat hissələrinin satın alınması üçün 309 milyon AED (84.1 milyon dollar);
- “Injazat Data Systems” şirkəti ilə rəqəmsal transformasiya xidmətlərini təmin etmək üçün 138.7 milyon AED (37.7 milyon dollar).
Mohammed Saif Al Zaabi sərgilərin ilk günündə xarici şirkətlərlə bağlanan müqavilələrin ümumi dəyərinin 143.4 milyon AED (39 milyon dollar) olduğunu və dörd sövdələşmənin imzalandığını qeyd edib.
Şuranın ilk gün xarici şirkətlərlə imzaladığı müqavilələrə aşağıdakılar aiddir:
- Finlandiyanın “Patria Land Systems Oy” şirkəti ilə “Patria” nəqliyyat vasitələrinə texniki dəstək və təmir xidmətlərinin göstərilməsi, eləcə də ehtiyat hissələrinin tədarükü üçün 21 milyon AED (5.7 milyon dollar)
- Almaniyanın “Rheinmetall Electronics” şirkəti ilə ehtiyat hissələrin və avadanlıqların satın alınması, o cümlədən texniki xidmət və dəstəyin göstərilməsi üçün 71.8 milyon AED (19.5 milyon dollar);
- İsveçrənin “Rheinmetall Air Defence” şirkəti ilə hava hücumundan müdafiə sistemlərinə texniki dəstək və təmir xidmətlərinin göstərilməsi, eləcə də ehtiyat hissələrinin tədarükü üçün 18.6 milyon AED (5 milyon dollar);
- ABŞ-ın “Maxar Intelligence” şirkəti ilə peyk görüntülərinin lizinq xidmətlərini təmin etmək üçün 31.9 milyon AED (8.6 milyon dollar).