
BƏƏ Mi-171A2 helikopterləri alır
Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında növbəti beş il ərzində 25 ədəd Mi-171A2 helikopterinin tədarükünə dair müqavilə imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə Rusiyanın “Rostex” Dövlət Korporasiyasına daxil olan “Vertoletı Rossii” şirkətinin baş direktoru Andrey Boqinski məlumat verib.
Mi-8/Mi-17-lərin modernləşdirilmiş versiyası olan Mi-171A2 çoxməqsədli helikopterinin dizaynında 80-dən çox dəyişiklik edilib. Helikopter rəqəmsal idarəetmə sisteminə malik VK-2500PS-03 mühərrikləri ilə təchiz olunub, güc qurğusu gücləndirilib.
Mi-171A2 helikopteri patrul xidməti, axtarış-xilasetmə əməliyyatları və tibbi evakuasiya da daxil olmaqla bir sıra tapşırıqları yerinə yetirə bilir.
Məlumat üçün bildirək ki, Mi-171A2 helikopteri ilk dəfə 2012-ci ildə ABŞ-ın Dallas şəhərində keçirilən “HeliExpo” sərgisində nümayiş etdirilib.
Rizvan Fikrətoğlu