Belarusda mobil 120 mm-lik minaatan sistemi yaradılıb

Belarusda mobil 120 mm-lik minaatan sistemi yaradılıb

Belarusun “Belspetsvneştexnika” Dövlət Xarici Ticarət Unitar Müəssisəsinin tərkibinə daxil olan müdafiə sənayesi müəssisələri kooperasiya şəklində mobil 120 mm-lik minaatan sistemi yaradıb.

“Poliqon xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, ilk dəfə belə bir sistemin konsepsiyası cari ilin iyun ayında Minsk şəhərində keçirilən “Milex-2021” Beynəlxalq silah sərgisində təqdim edilib. Buna baxmayaraq, təqdim olunan konsepsiya artıq silah bazarında tanınan nümunələrin bir surətidir.

Belə ki, yeni minaatan sisteminin yaradıcıları İspaniyanın “Everis Aerospace and Defense” (EAD) və “New Technologies Global Systems” (NTGS) şirkətlərinin birgə istehsal etdiyi 120 mm-lik “Alakran” minaatan sistemindən çox bəhrələnmişlər.

Yeni özüyeriyən minaatan sistemi MZKT-490100 zirehli avtomobilinin şassisi əsasında model olaraq nümayiş etdirilib. Bu mövzuda dərc olunmuş məlumatlara əsaslanaraq qeyd etmək olar ki, yaradıcılar, əsas diqqəti yüksək taktiki hərəkətliliyə, minaatanın ərazidə açılması və yığılması üçün vaxtın əhəmiyyətli dərəcədə azaldılmasına, atəş üçün məlumatların avtomatik hazırlanmasına, atəş sürətinin artırılmasına və s. yönəltmişlər.

Bu formada təkmilləşdirilmiş sistem 120 mm-lik bir 2B11 minaatanından istifadə edir. Minaatan, xüsusi qurğunun köməyi ilə maşının içərisindən döyüş mövqeyində yerləşdirilir, dayaq tavası torpağın üzərinə qoyulur. Yürüş vəziyyətindən döyüş vəziyyətinə açılma müddəti bir dəqiqədən az vaxt tələb edir.

Minaatanın lüləsinin qalxma bucaqları 45-80° arasında dəyişir, azimut üzrə tuşlama bucaqları isə 120° təşkil edir. Şaquli və üfiqi müstəvilərdə tuşlama ötürücüləri elektrohidravlikadır. Döyüş dəsti 48 dəst atəş yığımı, elan edilmiş atış tezliyi dəqiqədə 12 atəşdir. Minaatanın maksimal atəş məsafəsi 7000 m, minimal atəş məsafəsi isə 480 m-dir. Nəqliyyat vasitəsinin şossedə maksimal hərəkət sürəti saatda 110 km-dir.

Sistemin modul konstruksiyası atəş modulunu müxtəlif növ şassilərdə quraşdırmağa imkan verir. Bu məqsədlə MZKT-490100 (və ya (MZKT-500200) şassilərindən başqa fərqli istehsalçıların platformalarından da istifadə edilə biliər. Eyni zamanda konstruksiyanın 82 mm çaplı minaatanın yerləşdirilməsinə uyğunlaşdırılması da mümkündür. Mobil minaatan sisteminin heyət üzvlərinin minimal sayı iki və ya üç nəfər təşkil edir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS