
Belarusda yeni BTR-V2 zirehli transportyoru yaradılıb
Belarusun “Minsk təkərli dartıcılar zavodu” (MZKT) 23-26 iyun tarixlərində Minskdə keçiriləcək MILEX-2021 beynəlxalq sərgisində yeni hazırladığı 8×8 təkər formullu BTR-V2 zirehli transportyorunu nümayiş etdirəcək.
“Poliqon” xəbər verir ki, bu barədə Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Yeni maşın Belarus Müdafiə Nazirliyinin maraqları çərçivəsində hazırlanıb və gələcəkdə Ordunun silahlanmasında olan BMP-1, BMP-2, BTR-70, habelə BTR-80 kimi döyüş maşınlarını əvəz edə bilər.
BTR-V2 zirehli transportyoru üçün prototip qismində Rusiya istehsalı BTR-82A-dan istifadə edilib. Yeni döyüş maşını müasir zirehli nəqliyyat vasitələri üçün tələblər nəzərə alınaraq və Belarus komponentlərindən maksimum istifadə olunmaqla yaradılıb.
Ümumi kütləsi 19.900 kiloqram olan döyüş maşını 550 at gücünə malik 6 silindirli “Weichai Power” WP13.480А0 dizel mühərriki və 6 pilləli hidromexaniki sürətlər qutusu ilə təchiz edilib. Asfalt-beton örtüklü şossedəki maksimal hərəkət sürəti saatda 110 km-ə, suda maksimal üzmə sürəti isə saatda 10 km-ə bərabərdir. Heyəti üç nəfər, desant 8 nəfərdir. Atıcı silahlardan və kütləvi qırğın silahlarından qorunmaya malikdir.
Məmulat istənilən məqsədlər üçün zirehli transportyor yaratmaqdan ötrü istifadə edilə biləcək universal platformadır. Döyüş tapşırıqlarını həll etmək üçün zirehli transportyor kifayət qədər təsirli standart atəş vasitələrinə malikdir. Zirehli transportyorun baza variantında 30 mm-lik 2A42 avtomatik toplu, qoşalaşdırılmış 7,62 mm-lik PKT pulemyotlu və TƏİR kompleksi olan döyüş modulu quraşdırılıb. Bununla belə, silahlanma sifarişçinin istəyindən asılı olaraq dəyişdirilə, uzaqdan idarə olunan döyüş modulunun və ya digər silahların quraşdırılaması təmin edilə bilər.
Əhəd Əzizov