Belçika Ordusu növbəti A400M təyyarəsini təhvil alıb

Belçika Ordusu növbəti A400M təyyarəsini təhvil alıb

Fransanın “Airbus” şirkəti Belçika Silahlı Qüvvələrinə A400M təyyarəsinin tədarükünü davam etdirir.

“Poliqon” xəbər verir ki, “Airbus” şirkəti növbəti A400M hərbi nəqliyyat təyyarəsini Belçika Ordusuna təhvil verib. Bu, Belçika Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verilən dördüncü, eləcə də Belçika və Lüksemburq Silahlı Qüvvələrinin birgə bölməsinə çatdırılan beşinci təyyarədir.

Belçika tərəfindən “Airbus” şirkətinə sifariş edilən açıqlanmayan sayda A-400M-lərin son partiyası 2024-cü ilin yanvarına qədər sifarişçiyə çatdırılacaq. Belçika Ordusu A-400M təyyarələri ilə aviasiya parkındakı yer alan köhnəlmiş C-130 “Hercules” təyyarələrini əvəzləyəcək.

Çoxməqsədli A400M təyyarəsinin boş kütləsi 66,5 ton, maksimal yükqaldırma qabiliyyəti 37 tondur. Uçuş gücü 11000 at gücündədir və maksimal kreyser sürəti 780 km/saatdır. Heyəti 2-4 nəfər olan təyyarənin maksimal yüklə uçuş uzaqlığı 3300 km təşkil edir.

Qeyd edək ki, Türkiyə, Almaniya, Fransa, Birləşmiş Krallıq, İspaniya, İndoneziya, Malayziya və Qazaxıstan kimi ölkələrin hərbi arsenalında “Airbus” A400M təyyarələri yer alır.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS