Beyləqanda faşizm üzərində qazanılan Qələbənin 76-cı ildönümü qeyd edilib
İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan Qələbənin 76-cı ildönümü münasibətilə Beyləqan şəhərində 1941-1945-ci illər müharibəsi qəhrəmanlarının şərəfinə ucaldılmış memorial kompleksi qarşısında mərasim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, tədbirdə müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin Rusiya tərəfdən olan şəxsi heyətin rəhbəri general-mayor Viktor Fedorenko, Azərbaycan Ordusunun qalib əsgərlərindən bir qrupu, Beyləqan rayon ictimaiyyəti, müharibə veteranları iştirak edib.
Veteranlar İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş azərbaycanlıların qəhrəmanlığından vətənpərvərlik nümunəsi götürən gənc nəslin 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində Qələbə qazanmasından fəxarət hissi duyduqlarını bildiriblər.