
Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə veriləcək
1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə veriləcək.
“Poliqon” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Fərman Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzalanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödəniləcək birdəfəlik ödəmələrin məbləği aşağıdakı kimidir:
I dərəcə əlilliyə görə – 8 800 manat;
II dərəcə əlilliyə görə – 6 600 manat;
III dərəcə əlilliyə görə – 4 400 manat.
Birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrliyi ilə və müdafiə, daxili işlər, ədliyyə nazirlərinin müavinlərindən, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəislərinin müavinlərindən, Dövlət Sığorta Kommersiya Şirkəti sədrindən ibarət Komissiya yaradılıb.
Komissiyanın təklifləri əsasında Nazirlər Kabineti birdəfəlik ödəmənin verilməsi qaydasını iki ay müddətində dövlət başçısı ilə razılaşdırmaqla təsdiq edəcək.
Fərmanla birdəfəlik ödəmələrin verilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrılıb.
Ödənişlər nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürüləcək və bu barədə onlara məlumat veriləcək.
Müvafiq icra hakimiyyəti orqanları nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını iki ay müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.
Ədliyyə Nazirliyi 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyinin müəyyən edilməsi ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını bir ay müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.
Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyinin müəyyən edilməsi ilə bağlı müəyyən edilmiş məbləğdə sığorta ödənişi verilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını bir ay müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.