Amerika əsgərlərinin şərait məlumatlılığı “Black Hornet” mikrodronları ilə daha da artırılıb
ABŞ Silahlı Qüvvələrinin hərbi qulluqçularının şərait məlumatlılığı “Black Hornet” mikrodronları əldə etməklə daha da artırılıb.
“Poliqon” xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi 2019-cu və 2020-ci illərdə “Black Hornet” mikrodronlarının tədarükü üçün “FLIR Systems” şirkəti ilə iki müqavilə imzalayıb.
2019-cu ildə “Soldier Borne Sensor” (SBS) proqramı çərçivəsində ABŞ Ordusu “FLIR Systems” şirkətinə 39,7 milyon ABŞ dolları dəyərində, 2020-ci ildə isə daha 20,6 milyon ABŞ dolları dəyərində “Black Hornet” mikrodronu sifariş edib.
Qeyd edək ki, “Black Hornet” mikrodronu akkumulyator batareyasını yenidən doldurmadan 25 dəqiqə ərzində işləyə bilən 18 qramlıq kiçik helikopter tipli drondur. Əsas pərvanəsinin diametri 120 mm olan dron saatda 20 km-dən artıq sürətə malikdir, uçuş məsafəsi isə təxminən 2 km-dir.
Xatırladaq ki, əvvəlcə “Black Hornet” mikrodronu Norveçin “Prox Dynamics AS” şirkəti tərəfindən hazırlanmış, sonradan “FLIR Systems” şirkəti tərəfindən satın alınmışdır. “Black Hornet” mikrodronunun dəstinə iki pilotsuz uçuş aparatı, enerji doldurma stansiyası, həmçinin sensor ekranlı və nəzarətçili əl idarəetmə planşeti daxildir. Tam sistem istifadə edilmədikdə onları qoruyan dok-stansiya ilə təchiz edilir. Dəstin kütləsi təxminən 1,3 kq-dır. “FLIR Systems” şirkəti bildirib ki, onların mikrodronları artıq otuzdan çox ölkənin ordusu tərəfindən alınır.
Ən son Pd-100 “Black Hornet 3” mikrodronu “FLIR Systems” şirkəti tərəfindən Şəxsi Kəşfiyyat Sistemi (personal intelligence system – PRS) olaraq adlandırılır.
“Black Hornet Nano” ilə “Global Hawk”, MQ-9 “Reaper” və yeni “Loyal Wingman” kimi ənənəvi pilotsuz uçuş aparatları (PUA) arasındakı ən bariz fərq onların ölçüsüdür. “Black Hornet” mikrodronunun hazırlanmasına məsul Norveçin “Prox Dynamics AS” şirkəti “dünyanın ən kiçik və ən qabaqcıl” PUA-sını layihələndirməyi, istehsalını və bazara çıxarmağı öz qarşısında məqsəd qoymuşdu. Deyəsən, əsgər barmağı ölçüsündə miniatür pilotsuz helikopter verdiyi sözə əməl edib.
Böyük hərbi PUA-lar səmada uzun müddət qalmağa və uzun mənzillərdə hədəfləri tanımağa qadirdir. Lakin belə PUA-lar binaların içərisinə baxa və küncdə gizlənən düşməni tapmağa kömək edə bilmir. Bu məqsədlə isə mikrodronlardan istifadə olunur. Bu sinfin nümayəndələrindən biri Pd-100 “Black Hornet 3” mikrodronudur. “Military TV” YouTube kanalı paylaşdığı videoçarxda 195 min ABŞ dolları dəyərindəki bu mikrodron haqqında ətraflı məlumat verib.
Əhəd Əzizov