“Black Hornet” mikrodronunun yeni versiyası təqdim olunub
ABŞ-ın “Teledyne FLIR Defense” şirkəti “Black Hornet” mikrodronunun yeni versiyasını təqdim edib.
“Poliqon” “Teledyne FLIR Defense”yə istinadən xəbər verir ki, kəşfiyyat məqsədləri istifadə ediləcək mikrodronun yeni versiyası “Black Hornet 4” adlanır.
Çəkisi 70 qram olan “Black Hornet 4”ün havada qalma müddəti 30 dəqiqədən, uçuş məsafəsi isə 2 kilometrdən çoxdur. Mikrodron 12 meqapiksellik yeni gündüz kamerası və yüksək ayırdetməli termal görüntüləmə cihazı ilə təchiz edilib. 20 saniyədən az müddətdə istifadəyə hazır vəziyyətə gətirilən “Black Hornet 4” GPS siqnallarının bloklandığı mühitlərdə belə işləmək imkanına sahibdir.
Qeyd edək ki, bu günə kimi “Teledyne FLIR Defense” şirkəti 20 mindən çox “Black Hornet” mikrodronunu 40-dan artıq ölkənin təhlükəsizlik və silahlı qüvvələrinə çatdırıb. Özünü əməliyyat meydanında kifayət qədər sübut edən “Black Hornet” mikrodronları hazırda Rusiya-Ukrayna müharibəsində Ukrayna Silahlı Qüvvələri tərəfindən uğurla istifadə olunmaqdadır.