“Boeing” ilk MH-139A “Grey Wolf” helikopterini sifarişçiyə çatdırıb

“Boeing” ilk MH-139A “Grey Wolf” helikopterini sifarişçiyə çatdırıb

“Boeing” korporasiyası seriyalı istehsal edilən, ilk MH-139A “Grey Wolf” helikopterini ABŞ Hərbi Hava Qüvvələrinə təhvil verib.

“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, çatdırılan helikopter ABŞ-ın Montana ştatındakı Malmstrom Hərbi Hava Qüvvələri bazasında yerləşdiriləcək.

Qeyd edək ki, ABŞ HHQ Komandanlığı 2016-cı ildə köhnəlmiş Bell UH-1N “Huey” helikopterlərini dəyişdirmək və yeni helikopter modelinin seçilməsi üçün açıq tender elan edib.

Rəsmi olaraq MH-139A “Grey Wolf” adlandırılan yeni çoxməqsədli “Leonardo” (Agusta Westland) AW139 helikopteri ABŞ HHQ tərəfindən silahlanmaya 2019-cu ilin dekabrında qəbul edilib. Helikopterin rəsmi adlandırma mərasimi ABŞ HHQ-nin Florida ştatındakı Duke Field aviabazasında keçirilib.

ABŞ HHQ Strateji Hücum Komandanlığı (Air Force Global Strike Command) qoşun sınaqları üçün ilk MH-139A “Grey Wolf” helikopterini 19 dekabr 2019-cu ildə qəbul edib. O, Duke Field aviabazasında yerləşən ABŞ HHQ-inin 413-cü Sınaq Eskadrilyasının silahlanmasına daxil olub və 2020-ci ilin yanvar-fevral aylarında bazaya daha üç MH-139A “Grey Wolf” helikopteri gətirilib.

MH-139A “Grey Wolf” helikopterləri ABŞ yerüstü şaxta bazalı strateji qitələrarası ballistik raketlərinin (QBR, İntercontinental ballistic missile – ICBM) təhlükəsizliyini təmin etmək üçün istifadə edilən köhnəlmiş Bell UH-1N “Huey” helikopterlərinin parkını əvəz edəcək. Hazırda ABŞ HHQ-inin Strateji Aviasiya Komandanlığı Montana, Şimali Dakota və Vayominq ştatlarında QBR şaxtalarını himayə edən 59 köhnəlmiş helikopterdən istifadə edir. Onlar axtarış-xilasetmə əməliyyatları, VIP şəxslərin və təhlükəsizlik qüvvələrinin daşınması üçün istifadə olunur. Yeni MH-139A-lar bu missiyalarda onları əvəz edəcək. Ümumilikdə ABŞ HHQ 84 ədəd yeni helikopter almaq niyyətindədir.

2018-ci il 24 sentyabr tarixində ABŞ Müdafiə Nazirliyi “Boeing” korporasiyasını açıq tenderin qalibi seçildiyini elan edib. İtaliyanın “Leonardo” şirkətinin AW139 kommersiya helikopterinin hərbi versiyasını təklif edən “Boeing” korporasiyası, UH-60 “Black Hawk” helikopterini təklif edən “Lockheed Martin Sikorsky” və “Sierra Nevada Corp.” korporasiyasını qabaqlayaraq 2018-ci ilin sentyabrında Bell UH-1N “Huey” helikopterlərini əvəz etmək üçün 2,38 milyard ABŞ dollarlıq baza (çərçivə) müqaviləsi qazanıb. “Boeing” korporasiyası 84 ədədə qədər MH-139A “Grey Wolf” helikopteri, həmçinin trenajororlar və müvafiq dəstək avadanlığı tədarük edəcək.

İndiyə kimi hələlik ABŞ HHQ və “Boeing” arasında ümumilikdə 26 ədəd MH-139A helikopterinin istehsalı və tədarükü üçün müqavilə imzalanıb.

MH-139A “Grey Wolf” helikopterinin hərbi versiyası “Leonardo” şirkəti və “Boeing” korporasiyası tərəfindən birgə hazırlanıb.

“Leonardo” şirkəti helikopteri Filadelfiya yerləşən filialında istehsal edir, “Boeing” isə hərbi avadanlıqların alınması və quraşdırılmasına, eləcə də texniki xidmətə cavabdehdir.

Kommersiya tipli AW-139 helikopterinin baza versiyasından fərqli olaraq, MH-139A “Grey Wolf” helikopteri kabina və gövdə zirehlənməsi də daxil olmaqla üstün sağqalma qabiliyyətinə malikdir. O, raket hücumu xəbərdarlığı sistemi və ön görüntü infraqırmızı kamera sistemi ilə təchiz edilib.

Helikopter iki 7,62 mm-lik M240 pulemyotu ilə silahlanıb. MH-139A “Grey Wolf” helikopteri etibar olunan obyektlərdə təhlükəsizliyi təmin etməkdən ötrü doqquz hərbçinin silah, təchizat və avadanlıqla birlikdə daşınmasını təmin edir.

Dəyəri 375,55 milyon ABŞ dolları olan ilkin müqaviləyə dörd prototipin tədarükü və tapşırıqları yerinə yetirmək üçün lazım olan müxtəlif hazır avadanlıqların inteqrasiyası daxildir.

Xatırladaq ki, “Boeing” korporasiyası 2018-ci ilin sentyabr ayının sonunda ilk MH-139A “Grey Wolf” helikopteri gövdəsinin yığılmasına başladığını elan edib. Az öncə qeyd etdiyim kimi, ilk dörd sınaq nümunəsinin çatdırılması 2022-ci ildə tamamlanıb. Bütün təchizat versiyaları həyata keçirildikdən sonra 80 ədəd seriya istehsalı helikopterin tədarükünün 2031-ci ilin sentyabrına qədər başa çatdırılması planlaşdırılır.

ABŞ HHQ-inin məlumatına görə, Strateji Hücum Komandanlığı, Hava Təlim Komandanlığı, Maddi-Texniki Təminat Komandanlığı və Ehtiyat Komandanlığı da daxil olmaqla dörd əsas komandanlığın personalını dəstəkləmək və daşımaq üçün cəmi 80 MH-139A helikopterinə ehtiyac var.

MH-139A “Grey Wolf” helikopterinin əsas uçuş-texniki xassələri:

  • aparıcı vintin diametri – 13,80 m;
  • sükan vintinin diametri – 2,00 m;
  • uzunluğu – 16,65 m;
  • hündürlüyü – 4,95 m;
  • eni – 3,20 m;
  • kütləsi, boş / maksimal uçuş – 3633 / 6400 kq;
  • mühərrikin növü – 2 ədəd Pratt Whitney Canada PT6C-67C turbovint mühərriki;
  • mühərrikin gücü: qalxma zamanı – 2×1252 kVt; uçuş zamanı – 2×1140 kVt; maksimal – 2×1286 kVt;
  • maksimal uçuş sürəti – 310 km/s;
  • kreyser sürəti – 278 km/s;
  • praktiki mənzili – 1061 km;
  • uçuş müddəti – 5,20 saat
  • qalxma sürəti – 600 m/dəq;
  • praktiki tavanı – 5843 m;
  • statik tavanı – 3600 m;
  • heyəti – 1-2 nəfər;
  • faydalı yükü – 15 nəfər sərnişin və ya xərəkdə 6 nəfər yaralı və 4 nəfər müşayiət edən və ya 9 nəfər hərbiçi silah, təchizat və avadanlıqla birlikdə və ya kabinada 2500 kq yük və ya asqıda 2700 kq yük.
CATEGORIES
TAGS