
“Boeing” şirkəti yeni hipersəsli təyyarənin modelini təqdim edib
ABŞ-ın “Boeing” şirkəti “Valkyrie” konsepsiyası əsasında hazırlanmış hipersəsli təyyarə modelini nümayiş etdirib.
“Poliqon” xəbər verir ki, hipersəsli təyyarənin yeni modeli “AIAA SciTech” beynəlxalq forumunda nümayiş olunub.
Yenilik haqqında texniki məlumat demək olar ki, verilmir. Onun hərbi və ya mülki tapşırıqların həlli üçün istifadə oluna biləcəyi güman edilir.
Yeniliyin konsepsiyası 2018-ci ildə nümayiş etdirilən “Valkyrie” təyyarəsinin bazasını xatırladır. Xarici KİV-in məlumatlarına görə, “Boeing” şirkəti daxili olaraq təyyarəni “Valkyrie II” adlandırıb. Şirkət hələlik heç bir mühüm rəsmi məlumat təqdim etməyib və təyyarə konsepsiyanın inkişaf mərhələsindədir.
Konseptual oxşarlığına rəğmən, yeni model daha düz gövdəyə malikdir. İki mühərrikin gövdənin (fyüzelajın) altındakı yeri dəyişdirilib. İndi mühərriklər yan-yana deyil, iki ayrı axarlı başlığın daxilində yerləşdirilib.
Bir çox ekspertlər hesab edirlər ki, yeni hipersəsli təyyarə müxtəlif hərbi və ya kommersiya məqsədləri üçün istifadə edilə bilər. Yəqin ki, o, 5 Mach sürətini inkişaf etdirə biləcək.
2018-ci il təqdimatı şirkətin “Lockheed Martin” şirkətinin SR-72 “Blackbird” hipersəsli hərbi təyyarəsinə cavabı kimi qəbul edilmişdir və bu barədə məlumatlar uzun illərdir mediada yer almaqdadır. Həmçinin, “Boeing” şirkətinin təyyarəsinin yeni hipersəs konsepsiyası SR-71 “Blackbird” təyyarəsinin mənəvi varisi kimi çıxış edə bilər.
Həm “Lockheed Martin” şirkəti, həm də “Boeing” şirkəti 3 Mach sürətinə nail olmaq üçün kombinələşdirilmiş dövrəli mühərrikdən istifadə edir, sonra isə hipersəs sürətinə çatmaq üçün ikili düz axınlı hava-reaktiv mühərrikə keçir.
Layihəyə görə “Lockheed Martin” şirkətinin SR-72 “Blackbird” təyyarəsi ilk sınaq uçuşunu 2025-ci ildə edə bilər və onun 6 Mach-a və ya 7400 km/saat sürətə çatacağı gözlənilir.
SR-71 “Blackbird” təyyarəsi 1998-ci ildə ABŞ Hərbi Hava Qüvvələri tərəfindən silahlanmadan çıxarılsa da, tarixin ən sürətli pilotlu təyyarəsidir. Digər tərəfdən, SR-72 “Blacbird” və yeni “Boeing” hipersəs konseptual təyyarələrinin pilotsuz uçuş aparatları olacağı ehtimal edilir.

SR-71 “Blackbird” təyyarəsi

“Boeing” hipersəs təyyarəsinin modeli

“Boeing” hipersəs təyyarəsinin modeli

SR-72 “Blackbird” təyyarəsi (illüstrasiya)
Əhəd Əzizov