Bolqarıstan Ordusu zirehli texnika parkını genişləndirir
Bolqarıstanın Müdafiə Nazirliyi ilə yerli “Samel-90” şirkəti arasında imzalanmış müqaviləyə əsasən Silahlı Qüvvələrə zirehli döyüş maşınlarının tədarükü davam edir.
Bu barədə “Poliqon”a “Samel-90” şirkətindən məlumat verilib. Məlumatda bildirilib ki, Bolqarıstanın Müdafiə Nazirliyi ilə “Samel-90” şirkəti arasında 2020-ci il dekabrın 8-də Xüsusi Təyinatlı Qüvvələrinin şəxsi heyətinin operativ hərəkətliliyinin və mühafizəsinin artırılması məqsədilə zirehli maşınların və müdafiə məmulatlarının tədarükünə dair müqavilə imzalanıb.
Müqaviləyə əsasən “Samel-90” şirkəti ümumilikdə 10 müxtəlif modifikasiyalı 98 ədəd zirehli və xüsusi texnikanı təhvil verməyi və alınan texnikanın zəmanətdən sonrakı xidmət və təmiri üçün texniki mərkəzi təchiz etməyi öhdəsinə götürür. Bu, Müdafiə Nazirliyində son 30 ildə Silahlı Qüvvələrin Bolqarıstan istehsalçısından yeni döyüş texnikası və rabitə və idarəetmə sistemləri aldığı ilk belə layihədir.
Müqavilə çərçivəsində bu günə qədər 45 ədəd zirehli texnika istehsal edilib və Müdafiə Nazirliyinə təhvil verib. Yerdə qalan 53 ədəd nəqliyyat vasitəsinin isə cari ilin sonuna qədər sifarişçiyə çatdırılması planlaşdırılıb.
Bolqarıstanın xüsusi təyinatlı qüvvələri tərəfindən istifadə ediləcək bu maşınlar sırasında, 4×4 təkər formullu versiyada olan “Guardian Xtreme” minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) və “Toyota” pikap əsas yer tutur.
Şirkət mütəxəssislərinin sözlərinə görə, sifarişçiyə çatdırılan taktiki və xüsusi zirehli avtomobillər yüksək ballistik mühafizəyə malikdir. “Guardian Xtreme” döyüş maşını 30 metr məsafədə 7,62×39 mm API BZ atıcı silahların güllələrinə qarşı STANAG Level 2 səviyyəsində ballistik müdafiə təmin edir. Təkərlərin altında 8 kq TNT partlayışına tab gətirə bilən STANAG 2a, 2b və 3a mina mühafizəsi standartlarına cavab verir. “Guardian Xtreme” döyüş maşınına 10 nəfərə qədər tam təchiz olunmuş hərbçi yerləşə bilir.
Bu zirehli maşınlardan Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Hərbi Polis Xidmətinin bölmələrinin ehtiyacları üçün istifadə oluna və tələblərdən asılı olaraq müxtəlif konfiqurasiyalarda hazırlana bilər.