Bolqarıstanda T-72 tankları modernləşdiriləcək

Bolqarıstanda T-72 tankları modernləşdiriləcək

Bolqarıstan hökuməti Silahlı Qüvvələrin inventarında olan T-72 tanklarının modernləşdirilməsi layihəsinin yenilənmiş variantını təsdiq edib.

“Poliqon” xəbər verir ki, bu barədə Bolqarıstan Nazirlər Kabinetinin sözçüsü Lena Borislavova jurnalistlərə bildirib.

Lena Borislavova yenilənmiş layihənin dəyərinin 99 milyon leva (təxminən 50 milyon avro) olduğunu qeyd edib.

Xatırladaq ki, 2020-ci ilin dekabrında əvvəlki Nazirlər Kabinetinin dövründə Bolqarıstanın Müdafiə Nazirliyi yerli “Terem” holdinq ilə Ordunun 44 ədəd T-72 əsas döyüş tankının modernləşdirilməsi üçün 78,7 milyon leva (təxminən 40,2 milyon avro) dəyərində iki illik müqavilə imzalayıb.

Bolqarıstan Ordusunda hazırda 90 ədəd T-72 tankı var, lakin yenilənmiş layihə əsasında onlardan 44 ədədi təkmilləşdiriləcək.

Bolqarıstanın T-72 tankları modernləşdirildikdən sonra T-72M2 indeksini alacaq. Yenilənmiş layihə ilə modernləşdirməyə atəşə nəzarət sistemləri, rabitə təhlükəsizliyi və situasiya xəbərdarlığı, daxili şifrələmə modulu ilə HF/VHF radiolarının çatdırılması və quraşdırılması daxil edilib. Tanklara 125 mm-lik 2A46M2 hamar lüləli tank topu da inteqrasiya ediləcək.

Məlumat üçün qeyd edək ki, Sovet istehsalı olan T-72 tankları 1971-ci ildən Bolqarıstan Ordusunda istifadə edilir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS