Böyük Britaniya AS-90 ÖAQ-larını RCH155 ilə əvəz edəcək

Böyük Britaniya AS-90 ÖAQ-larını RCH155 ilə əvəz edəcək

Böyük Britaniyanın Müdafiə Nazirliyi mövcud AS-90 özüyeriyən artilleriya qurğularının (ÖAQ) əvəzedicisini artıq seçib.

“Poliqon” xəbər verir ki, “Mobile Fires Platform” (MFP) proqramının məntiqi yekunu çərçivəsində Böyük Britaniyanın Müdafiə Nazirliyi mövcud özüyeriyən artilleriya sistemləri parkını əvəz etmək üçün Almaniyanın RCH155 təkərli ÖAQ-nın seçildiyini açıqlayıb.

Aprelin 24-də dərc edilən açıqlamada RCH 155 ÖAQ-nın “bu onillikdə” silahlanmaya daxil edilməsinin nəzərdə tutulduğu və Kral Artilleriya heyətini (Royal Artillery personnel) “dünya səviyyəli bilavasitə dəstək artilleriya sistemi” ilə təchiz ediləcəyi bildirilir.

Bu ÖAQ-ın seçimi nisbətən yüksək lokalizasiya səviyyəsi, həmçinin yüksək atış tezliyi, açılma və mövqeyini tərk etmə sürətini nümayiş etdirdiyi atəş sınaqlarından əla keçməsi ilə bağlıdır.

ÖAQ-lar kooperasiyalı şəkildə – artilleriya modulları və silahları Almaniyada, Boxer bazası isə Böyük Britaniyada istehsal olunacaq.

Qeyd edək ki, yeni Mobile Fires Platform artilleriya sistemlərinin alınması proqramı çərçivəsində Almaniyanın RCH155, İsveçin Archer və Koreyanın K9 Thunder artilleriya sistemləri finala çıxıb. Qalib, hazırda Böyük Britaniya Ordusunda silahlanmada olan 155 mm-lik AS90 özüyeriyən haubitsalarını əvəz edəcək.

Amma, göründüyü kimi, qərar RCH155 ÖAQ həllini qiymətləndirmə mərhələsinə və Böyük Britaniya Ordusuna nəzərdə tutulan çatdırılmaya qədər qəbul ediləcək. Belə ki, 2023-cü ilin 4-cü rübündə Böyük Britaniya 32 ədəd AS90 ÖAQ-ın Ukraynaya bağışlanması ilə MFP proqramının son qalibi arasındakı boşluğu aradan qaldırmaq üçün nəzərdə tutulan müvəqqəti artilleriya həllinin bir hissəsi kimi İsveçdən 14 ədəd 155 mm-lik Archer ÖAQ-ı alıb.

Archer ÖAQ isə öz növbəsində Britaniya Ordusunun silahlanmasında olduğundan  Cənubi Koreyanın K9A2 Thunder tırtıllı ÖAQ-ı ilə birlikdə MFP proqramının qalibi adına güclü rəqib hesab olunurdu.

Hazırda yeni sistemin alınması müqaviləsinin təfərrüatları, eləcə də onun icra şərtləri və sifariş olunacaq maşınların ümumi sayı barədə rəsmi məlumat verilmir. Lakin Böyük Britaniya Müdafiə Nazirliyindən verilən məlumata görə, yeni sistemlər ölkə ordusunun iki artilleriya alayını 100% yeniləyir və potensial olaraq özüyeriyən artilleriya qurğularının tərkibini genişləndirmək imkanını verir.

Əvvəllər məlumat verilmişdir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi parlamentdəki müzakirələr zamanı 2030-cu ilə qədər hansı silahların silinəcəyini bildirib. Silinəcək silahlar arasında gələcəkdə potensial olaraq Ukraynaya verilə biləcək AS-90 artilleriya sistemləri də var.

155 mm çaplı RCH155 (Remote Controlled Howitzer 155) artilleriya qurğusu 8×8 təkər formuluna malik GTK Boxer (Gepanzerte Transport Kraftfahrzeug Boxer) təkərli zirehli transportyorunun şassisində hazırlanıb. O, Almaniyanın “Krauss-Maffei Wegmann” (KMW) şirkəti tərəfindən yaradılıb. Sistem Almaniyanın PzH 2000 ÖAQ-ına əsaslanır və Boxer platformasının hərəkətliliyini tırtıllı analoqun atəş gücü ilə birləşdirmək məqsədini daşıyır.

Sistemdə Almaniyanın PzH 2000 özüyeriyən haubitsasının artilleriya hissəsi olan avtomatlaşdırılmış AGM (Artillerie-Geschütz-Modul) qülləli artilleriya modulu yerləşdirilib. Haubitsanın lüləsinin uzunluğu 52 çapa bərabərdir.

Müasir artilleriya qurğusu olan RCH155 çox böyük üstünlüklərə malikdir. Bunlardan ən əsası isə onunla döyüşməyin sələflərinə nisbətən daha çətin olmasıdır, çünki ÖAQ hərəkətdə olduğu zaman belə atəş açmaq imkanına malikdir.

AGM modulu insansızdır, ona görə də RCH 155 özüyeriyən artilleriya qurğusunun heyətində ​​cəmi iki nəfər var. AGM modulunun döyüş dəsti 30 mərmi və 144 modul atımdan ibarətdir. İstehsalçı qeyd edir ki, haubitsanın atış məsafəsi döyüş sursatının növündən asılı olaraq 40-54 kilometrə bərabərdir.

RCH155 təkərli ÖAQ-ın ümumi döyüş kütləsi 39 ton, AGM modulunun kütləsi isə 12,5 tondur. Maşın 815 at gücünə (600 kVt) malik MTU dizel mühərriki ilə təchiz edilib.

Xatırladaq ki, “Krauss-Maffei Wegmann” şirkəti 2014-cü ildə yeni RCH155 AGM ÖAQ üzərində işə başlayıb. Şirkətin niyyəti PzH 2000 ÖAQ qülləsinin “insansız” ediləcəyi və təkərli zirehli transportyora quraşdırılacağı təqdirdə nə alınacağını sınaqdan keçirməkdən ibarət idi.

2019-cu ildə sınaqlardan keçirilən ilk sınaq maşını əla olduğunu sübut edib. Məlum olub ki, Boxer təkərli şassisi 60 tonluq təpmə qüvvəsinə tam tab gətirə bilir və atəş zamanı dayanıqlığı təmin etmək üçün hər hansı əlavə qundaqların quraşdırılmasına ehtiyac yoxdur.

RCH 155 AGM dayandıqdan 10 saniyə sonra atəş aça bilər, həmçinin atəş mövqeyini tərk etmək üçün ona eyni 10 saniyə lazımdır. Eyni zamanda, bir dəqiqə ərzində ÖAQ doqquz atəş aça bilir.

Əsas taktiki-texniki xassələri:

  • əsas silahı – 155 mm/L52 lüləli haubitsa (NATO Joint Ballistics Memorandum of Understanding (JBMoU) ilə uyğunlaşdırılıb)
  • atəş tezliyi – dəqiqədə 9 atış
  • üfiqi tuşlama bucağı – 360°
  • şaquli tuşlama bucağı – -2.5°…+ 65°
  • atəş məsafəsi – adi mərmi ilə – 40 km-ə qədər; V-LAP mərmi ilə 54 km-ə qədər, VULKANO və EXCALIBUR tipli döyüş sursatından daha böyük məsafələr
  • döyüş dəsti – 30 mərmi və 144 modul atım
  • ikinci silahı – uzaqdan idarə olunan silah modulu
  • düzünə tuşlama – istəyə bağlı olaraq optronika və ya uzaqdan idarə olunan silah modulu ilə
  • döyüş kütləsi – < 39,0 ton
  • qabarit ölçüləri (UxExH) – ~ 10.40m x 2.99m x 3.60m
  • mühərrikin gücü və markası – 600 kVt/815 at gücünə malik MTU mühərriki
  • şossedə maksimal hərəkət sürəti – >100 km/saat
  • şossedə yanacaq üzrə gediş ehtiyatı – 700 km
  • heyəti – 2 nəfər

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS