Böyük Britaniya “Javelin” TƏİRK alır

Böyük Britaniya və ABŞ arasında “Javelin” tank əleyhinə idarəolunan raket kompleksinin (TƏİRK) alqı-satqısına dair müqavilə imzalanıb.
Bu barədə “Poliqon” ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə istinadən xəbər verib.
Müqaviləyə əsasən, Britaniya Ordusu 300 milyon ABŞ dolları dəyərində “Javelin” TƏİR kompleksi əldə edəcək.
Qeyd edək ki, “Javelin” TƏİRK ABŞ-ın “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən istehsal olunan üçüncü nəsil daşınan tank əleyhinə raket kompleksidir. “Javelin” 1990-cı ildən ABŞ və bir sıra digər ölkələrin silahlı qüvvələrinin silahlanmasında olan “atdın və unutdun” prinsipi ilə işləyən komplekslər sinfinə aiddir.
FGM-148 “Javelin” TƏİRK raketi termal özütuşlama başlığına malikdir. Ona görə də raket kompleksinin operatoru buraxılışdan sonra hədəfə yaxınlaşma zamanı raketin uçuşunu izləmir və tənzimləmir.
“Javelin” kompleksi əsasən yerüstü zirehli texnikaların və aşağı hündürlükdə uçan hava hədəflərinin (helikopterlər, PUA-lar) məhv edilməsi üçün təyin edilib.




