Böyük Britaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edəcək
Böyük Britaniyanın Ukraynaya verdiyi hərbi dəstək əlavə 1 milyard funt sterlinq (1,2 milyard ABŞ dollarından çox) olmaqla, demək olar ki, iki dəfə artıralacaq.
“Poliqon” xəbər verir ki, bu barədə “Bloomberg” nəşri Böyük Britaniya hökumətinə istinadən məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin müdafiədən Rusiya qüvvələrinə qarşı artan hücum əməliyyatlarına keçməsinə kömək etməkdən ötrü yeni hərbi yardım lazımdır. Bununla əlaqədar Böyük Britaniyanın baş naziri Boris Conson iyunun 30-da Madriddə keçirilən NATO sammitində yeni hərbi dəstək paketini açıqlayıb.
Qeyd olunur ki, vəsaitlər Ukraynanın müdafiə qabiliyyətinin artırılmasına, o cümlədən hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, radioelektron mübarizə vasitələri və minlərlə həyati vacib avadanlığa yönəldiləcək.
Növbəti yardım Böyük Britaniyanın tammiqyaslı müharibənin başlanmasından bəri ümumi hərbi dəstəyini 2,3 milyard funt-sterlinqə (2,8 milyard ABŞ dolları) qədər artırır ki, bu da Britaniya hökumətinin ABŞ-dan başqa istənilən bir ölkənin yardımından daha çox olduğunu göstərir.
Böyük Britaniya baş nazirinin ofisi vurğulayıb ki, əlavə silah və texnika Ukraynaya əks-hücum əməliyyatına başlamağa imkan verəcək ilk addımdır.
Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya Ukrayna hərbçiləri üçün yeni təlim proqramını elan edib.
Qeyd edək ki, sözügedən hərbi dəstək cari ilin fevral ayından bəri Ukraynaya verilən 1,5 milyard funt sterlinqlik humanitar və iqtisadi dəstəyə əlavədir.
Eləcə də Böyük Britaniya və Norveç Ukraynanı uzun mənzilli yaylım atəşli reaktiv sistemlərlə (Multiple Launch Rocket System – MLRS) təmin etmək üçün əməkdaşlıq edir. Söhbət M270 YARS-dan gedir.
Daha əvvəl isə Böyük Britaniya Belçikanın 20-dən artıq M109 özüyeriyən artilleriya qurğusunu alıb və təmir edib. Bundan başqa, Böyük Britaniyadan Ukraynaya HUSKY Tactical Support Vehicle zirehli texnikaları gəlməyə başlayıb.
Əhəd Əzizov