
Böyük Britaniyanın “Rotron Aerospace” (“Rotron”) şirkəti “SkyLance” uzunmənzilli zərbə pilotsuz uçuş aparatını (PUA) sınaqdan keçirib.
“Poliqon” “Rotron”a istinadən xəbər verir ki, uğurla tamamlanan sınaq PUA-nın əsas uçuş və performans xüsusiyyətlərini təsdiqləyib.
Uzunmənzilli zərbə PUA-sı olan “SkyLance”, mübahisəli mühitlərdə fəaliyyət göstərə biləcək şəkildə inkişaf etdirilib. Platformanın əsas gücü onun xüsusi mühərrik texnologiyasıdır. Bu texnologiya Böyük Britaniyada hazırlanıb və ənənəvi turbin və piston mühərriklərinə nisbətən daha səmərəli işləyir. Nəticədə isə daha uzağa uça və uzun müddət havada qala bilən PUA az enerji/xərc tələb edir. Eyni zamanda, PUA ucuz və “itirilə bilən” (yəni birdəfəlik istifadə üçün nəzərdə tutulmuş) bir platforma kimi hazırlanıb.
İstehsalçının bildirdiyinə görə, “SkyLance”in üstünlüklərindən biri də onun geniş miqyasda istehsal və istifadəyə uyğun olmasıdır. Pilotsuz uçuş aparatı GPS siqnalının olmadığı və ya elektron mübarizənin güclü olduğu şəraitdə belə işləyə bilir. Buna səbəb PUA-nın avtonom naviqasiya və hədəfləmə sistemləri ilə təchiz edilməsidir. Bundan əlavə, o, kəşfiyyat və komanda-idarəetmə sistemləri ilə inteqrasiyə edilə bilər ki, bu da “sensordan birbaşa zərbəyə” sürətli keçid imkanı yaradır.
Ümumilikdə “SkyLance”, NATO tələblərinə uyğun hazırlanmış, uzaqmənzilli və ucuz alternativ zərbə qabiliyyəti təmin edən yeni nəsil sistem kimi təqdim olunur.





