
Böyük Zəfərin başlanğıcı olan Aprel döyüşlərinin ildönümüdür
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Aprel döyüşlərindən 6 il ötür. Aprel döyüşləri Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqın birliyini, vətənpərvərliyini nümayiş etdirdi.
“Poliqon”un məlumatına görə, 2016-cı ilin aprel ayının 2-nə keçən gecə Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin Qarabağ cəbhəsinin cənubunda Füzuli rayonu və şimalında Tərtər-Naftalan istiqamətində genişmiqyaslı təxribat planlarını aşkarlayaraq qabaqlayıcı zərbə endirib. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri Azərbaycan Ordusunun bölmələri tərəfindən önləyici zərbələrlə dağıdılıb.
Azərbaycan silahlı qüvvələrinin əks həmlələri ilə Lələtəpə yüksəkliyi (cənubda), Tərtər rayonunun Talış kəndi ətrafındakı strateji yüksəkliklər azad edilib, Seysulan kəndi istiqamətində mövqelər azad edilmiş ərazilər hesabına irəli çəkilərək cəbhənin konfiqurasiyası dəyişdirilib. Düşmənin Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edilib. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edilib.
Azərbaycan ordusu tərəfindən 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin azad edilməsi həm də Cəbrayıl rayonunun Azərbaycan Ordusunun nəzarətində olan yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndinin bərpa edilməsinə və əhalinin doğma torpağına qayıdışına şərait yaratdı.
2016-cı ilin Aprel döyüşləri (2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinə qədər) Azərbaycan Ordusunun 1994-cü ilin may ayında imzalanmış atəşkəs müqaviləsindən sonra cəbhədə gerçəkləşdirdiyi ən böyük və uğurlu döyüş olub. Döyüşlərdə Azərbaycan Ordusu tərəfindən düşmənin 30-a yaxın tank, PDM və digər hərbi texnikası, 25-dən çox artilleriya vasitələri, 500-ə yaxın canlı qüvvəsi məhv edilib, sıradan çıxarılıb, çox sayda silah, döyüş sursatı qənimət olaraq ələ keçirilib. Məhv edilənlər arasında düşmənin yüksək rütbəli zabitləri də olub.
Aprel ayının 5-də cəbhədə atəşkəsin təmin edilməsi barədə Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında razılaşma əldə olunmasına baxmayaraq, erməni tərəfi yaşayış məntəqələrini və dinc sakinləri beynəlxalq konvensiyalarla qadağan olunmuş döyüş sursatlarından da istifadə etməklə atəşə tutmaqda davam edib.
Aprel döyüşlərində Azərbaycan Ordusu istifadəsində olan yeni nəsil (böyük əksəriyyəti 4 və 5-ci nəsil) döyüş vasitələrindən istifadə edərək düşmənə sarsıdıcı zərbə endirib. Bunun nəticəsində Qarabağdakı erməni hərbi birləşmələrində sonrakı dövrdə fərarilik və narazılıq halları baş qaldırdı. Azərbaycanda isə aprel döyüşləri vətəndaşlar arasında milli birliklə yadda qaldı. İctimaiyyətin bütün təbəqələri ordunun yanında olduqlarını bəyan edərək, könüllü şəkildə döyüşmmək üçün hərbi hissələrə müraciətlər etdilər.
2016-cı ilin aprelində cəbhə xəttində düşmənin hərbi təxribatlarının qarşısının alınmasında hərbçilərin göstərdiyi şücaət Azərbaycan Ordusunun torpaqların işğaldan tamamilə azad etmək əzmini bir daha təsdiqləməklə regionda ən güclü ordu olduğunu sübut etdi. Bunun davamı olaraq, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı genişmiqyaslı əks-hücum əməliyyatına başladı və 44 gün davam edən İkinci Qarabağ müharibəsində tam Qələbə qazandı.