
Braziliya Quru Qoşunlarının Qərargah rəisi Fransisko Humberto Monteneqro Junior və onun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin “Otokar” şirkətinin müəssisələrini ziyarət edib.
“Poliqon” “Otokar”a istinadən xəbər verir ki, ziyarət çərçivəsində nümayəndə heyətinə şirkət tərəfindən Braziliya Ordusunun VBC (CC) və VBC (Fuz) tədarük proqramı üçün təklif edilən “Tulpar” zirehli texnikasının müxtəlif konfiqurasiyalarının imkanları təqdim olunub.
Braziliyadan olan heyətə “Leonardo Hitfact MK II 120 mm” əsas silah sistemi ilə təchiz edilmiş orta ağırlıqlı tank versiyası və 30 mm-lik uzaqdan idarə olunan silah sistemi quraşdırılmış piyada döyüş maşını (PDM) variantı nümayiş etdirilib.
Qeyd edək ki, “Tulpar” ailəsinin “Tulpar” orta ağırlıqlı tankı və “Tulpar” PDM-i hərəkət qabiliyyəti, yüksək atəş gücü və dözümlülük xüsusiyyətləri ilə seçilir. “Tulpar” zirehli vasitələri gələcək qlobal tələblərə tam cavab vermək üçün 28000 kq-dən 45000 kq-yə qədər dəyişən variantları olan çoxməqsədli texnika kimi dizayn edilib. Şirkət mütəxəssislərinin sözlərinə görə, modulluğun gələcəyə yönəlmiş perspektivi sayəsində geniş çeşidli zirehli texnika variantlarında ümumi şassi və komponentlərdən istifadə edilməklə əməliyyat çevikliyi artırılacaq.
Dünyanın müxtəlif yerlərində müxtəlif istifadəçilər tərəfindən ən çətin iqlimlərdə və ərazilərdə sınaqdan keçirilmiş “Tulpar”, təhlükələrə uyğun olaraq konfiqurasiya edilə və miqyaslana bilən zireh quruluşu ilə öz sinfində ən yaxşı ballistik və mina mühafizəsinə malikdir. “Tulpar”, yüksək atəş gücü tələb edən missiyalarda effektiv həll təmin etməklə yanaşı, müxtəlif yaşayış məntəqələri və yüngül körpülərdən tutmuş meşəlik ərazilərə, xüsusən də əsas döyüş tanklarının işləyə bilmədiyi yumşaq səthlərə qədər hər cür döyüş mühitində xidmət göstərə bilir.




