HavaXəbərlər

Braziliya üçün istehsal edilən ilk “Gripen F” qırıcısı təqdim olunub

İsveçin “Saab” şirkəti Braziliya Hərbi Hava Qüvvələri (HHQ) üçün istehsal edilən ilk “Gripen F” qırıcısını təqdim edib.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, təqdimat mərasimi şirkətin Linköpinq şəhərində yerləşən müəssisəsində keçirilib.

“Gripen F”, “Gripen E” qırıcısının ikiyerlik versiyasıdır və müasir hava qüvvələrinin təlim və əməliyyat tələblərini qarşılamaq üçün hazırlanıb. Təyyarə eyni platformada həm pilot hazırlığı, həm də döyüş tapşırıqlarının yerinə yetirilməsi imkanlarını özündə birləşdirir.

Layihənin ilk müştərisi olan Braziliya “Gripen F”in hazırlanmasında fəal iştirak edib. Texnologiya transferi proqramı çərçivəsində yüzlərlə braziliyalı mühəndis və texnik təlim keçib, ölkənin aviasiya sənayesinin layihələndirmə və inkişaf imkanları genişləndirilib.

“Gripen F”, “Gripen E” ilə eyni performans göstəricilərinə, sensor sistemlərinə və açıq arxitekturaya malikdir. Təyyarənin əsas fərqləndirici xüsusiyyəti tam müstəqil ikinci kabinin mövcudluğudur. Bu həll təlimatçıların döyüş qabiliyyətli təyyarədə pilotlara real missiya şəraitində hazırlıq keçməsinə imkan verir.

Bunun nəticəsində pilotların ilkin döyüş hazırlığı ənənəvi üsullarla müqayisədə əhəmiyyətli dərəcədə sürətlənir. Eyni zamanda, iş yükünün bölüşdürülməsi və missiya idarəetməsinin təkmilləşdirilməsi sayəsində mürəkkəb əməliyyatlarda qırıcının effektivliyi artır.

Braziliya HHQ-yə təhvil verilməzdən əvvəl təyyarə “Saab”ın İsveçdəki Uçuş Sınaqları Mərkəzinə göndəriləcək və burada geniş uçuş sınaqları proqramından keçəcək.

Qeyd edək ki, “Saab” ilə Braziliya hökuməti arasında 2014-cü ildə imzalanmış müqavilə çərçivəsində 36 qırıcı təyyarənin – 28 ədəd “Gripen E” və 8 ədəd “Gripen F”in istehsalı və tədarükü nəzərdə tutulur. Təyyarələrin çatdırılmasına 2020-ci ildə başlanılıb və indiyədək 11 təyyarə Braziliya Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Bundan əlavə, “Saab” Gripen F qırıcıları üzrə Tayland və Kolumbiyadan da sifarişlər alıb.

Back to top button