Britaniya əlavə A400M təyyarələri alacaq

Britaniya əlavə A400M təyyarələri alacaq

Böyük Britaniya Müdafiə Nazirliyi Fransanın “Airbus” şirkətindən əlavə A400M “Atlas” çoxməqsədli hərbi nəqliyyat təyyarələri almaq planını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin 2021-2031-ci illəri əhatə edən 10 illik müdafiə avadanlıqlarının satınalmaları proqramında qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Britaniya 22 ədəd A400M sifariş edib və həmin tədarükləri demək olar ki, başa çatıb.

Yeni sifariş edilən A400M “Atlas” təyyarələrinin sayı, büdcəsi və tədarük edilmə tarixi hələ ki açıqlanmayıb.

Çoxməqsədli A400M təyyarəsinin boş kütləsi 66,5 ton, maksimum yükqaldırma qabiliyyəti 37 tondur. Uçuş gücü 11000 at gücündədir və maksimum kreyser sürəti 780 km/saatdır. Heyəti 2-4 nəfər olan təyyarənin maksimal yüklə uçuş uzaqlığı 3300 km təşkil edir.

Qeyd edək ki, Türkiyə, Almaniya, Fransa, Birləşmiş Krallıq, İspaniya, İndoneziya, Malayziya və Qazaxıstan kimi ölkələrin hərbi arsenalında “Airbus” A400M təyyarələri yer alır.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS