Britaniya və Norveç M270 MLRS-in Ukraynaya verilməsi barədə razılığa gəliblər

Britaniya və Norveç M270 MLRS-in Ukraynaya verilməsi barədə razılığa gəliblər

Ukrayna M270 yaylım atəşli reaktiv sistemini (YARS, Multiple Launch Rocket System – MLRS) alacaq.

“Poliqon” xəbər verir ki, bu barədə Norveç hökuməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Norveç və Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrini uzunmənzilli reaktiv artilleriya sistemləri ilə təmin etmək üçün əməkdaşlıq edir.

“Biz Ukraynanı dəstəkləməyə davam etməliyik ki, onlar azadlıq və müstəqillik uğrunda mübarizələrini davam etdirə bilsinlər. Daha çox silah lazımdır, bu, Ukrayna üçün çox tələb olunan potensialdır, Böyük Britaniya ilə sıx əməkdaşlıq olmasaydı, biz buna nail ola bilməzdik”, – deyə Norveçin müdafiə naziri Byorn Arild Qram (Bjørn Arild Gram) bildirib.

Hazırda Norveçdə yaylım atəşli reaktiv sistemlər var. Ölkələr Ukraynaya göndəriləcək YARS sayını kompensasiya etməkdən ötrü Böyük Britaniyanın Norveç silah sistemlərini alacağına dair razılığa gəliblər.

“Bu, uzaq məsafəsi və dəqiqliyi olan bir silahdır və buna görə də mühüm töhfədir. Silahlarımızın [Norveç – Ə.Ə.] əhəmiyyətli təkmilləşdirilməsinə ehtiyacı var, ona görə də biz ingilislərlə razılaşdıq ki, onlar Norveç silahlarını alacaqlar ki, özlərinin YARS-larının bir hissəsini Ukraynaya göndərə bilsinlər “, – deyə nazir Qram izah edib.

Norveç hökumətinin məlumatında ​​söhbət ilk növbədə üç ədəd YARS-ın verilməsindən gedir. Norveç Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, bu, müttəfiqlər arasında yaxşı əməkdaşlığın nümunəsidir. Məlumdur ki, hazırda Norveç Silahlı Qüvvələrin anbarında 12 ədəd M270 MLRS saxlanmadadır.

Bundan başqa, Norveç hökuməti artıq verilmiş 5000 ədəd qumbaradan əlavə 5000 ədəd qumbaranı Ukraynaya tədarük etmək qərarına gəlib. Çox güman ki, burada tank əleyhinə əl qumbaraatanları üçün sursatdan söhbət gedir.

Qram Ukraynanın artıq tədarük edilmiş silah sistemləri üçün sursata malik olmasının vacibliyini bildirib.

Qeyd edək ki, M270 MLRS “Lockheed Martin Missiles and Fire Control” şirkəti tərəfindən istehsal edilmiş və döyüşdə sınaqdan keçirilmiş 227 mm-lik reaktiv artilleriya qurğusudur.

O, bu qurğu üçün təyin edilmiş maksimal 70 km atəş məsafəsinə malik standart reaktiv mərmilərdən istifadə edir. Sistem həmçinin “Lockheed Martin Army Tactical Missile System” (ATACMS) taktiki raket kompleksi üçün maksimal 300 km məsafəyə malik idarə olunan uzun mənzilli raketləri tətbiq edir. Qurğu ABŞ-ın M2 “Bradley” piyada döyüş maşını ilə eyni tırtıllı şassiyə malikdir.

M270 mərmio

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS