“Bronco II” təyyarəsi “Armed Overwatch” proqramının son mərhələsinə yüksəlib
ABŞ Xüsusi Əməliyyat Komandanlığının (USSOCOM) pərvanəli yüngül hücum təyyarələri proqramı (Armed Overwatch) çərçivəsində 5 şirkət son mərhələyə yüksəlib.
“Paramount Group” şirkətindən “Poliqon”a verilən məlumata görə, “Bronco II” yüngül hücum təyyarəsi də son mərhələyə yüksələn prototiplər arasında yer alıb.
Layihə çərçivəsində “Bronco II” üzərində işlər “Leidos”, “Paramount Group USA” və “Vertex Aerospace” şirkətləri tərəfindən ortaq aparılıb.
“Bronco II” pərvanəli yüngül hücum təyyarəsi IMSB (Interchangeable Multi-Mission System Bay) dəyişdirilə bilən çox missiyalı sistem bölməsinə malikdir. Bu da təyyarəyə əməliyyatdan asılı olaraq gövdəsinin sadəcə bir hissəsinin dəyişdirilməsi ilə müxtəlif tapşırıqların icrasına imkan verir.
Qeyd edək ki, “Armed Overwatch” proqramı çərçivəsində USSOCOM 75 ədəd yüngül hücum təyyarəsi almağı planlaşdırır.