BTR-MDM zirehli transportyorlarının Rusiya Ordusuna tədarükü tamamlanıb
“Yüksək Dəqiqlikli Komplekslər” holdinqi BTR-MDM “Rakuşka” zirehli transportyorlarının daha bir partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
“Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər”ə istinadən xəbər verir ki, bununla da holdinq 2024-cü ilin dövlət müdafiə sifarişi çərçivəsində BTR-MDM-in tədarükünü tamamlayıb.
Bildirilib ki, sifarişçiyə təhvil verilən zirehli transportyorlar əlavə mühafizə dəstləri, o cümlədən termal və radar spektrində görünməni azaltmaq və yuxarı yarımkürəni qorumaq üçün vasitələrlə təchiz olunub.
Amfibiya tipli zirehli transportyor olan BTR-MDM “Rakuşka” 13 personalın daşınması üçün nəzərdə tutulub. Onun ekipajı iki nəfərdən ibarətdir. Zirehli transportyor magistral yolda 70 km/saat, torpaq yolda isə ortalama 45-50 km/saat sürətlə hərəkət edə bilir.