
Bundesver “Puma” PDM-ləri sifariş edib
Almaniya Silahlı Qüvvələri (Bundesver) “Krauss-Maffei Wegmann” (KMW) və “Rheinmetall” şirkətlərinin birgə müəssisəsi olan “Projekt System and Management GmbH”dən (PSM) 50 ədəd “Puma” piyada döyüş maşını (PDM) sifariş edib.
“Poliqon” “Krauss-Maffei Wegmann”a istinadən xəbər verir ki, satınalmanın ümumi məbləği 1 milyard avrodur.
Bildirilib ki, bu məbləğin 574 milyon avrosu KMW-ya, 501 milyon avrosu isə “Rheinmetall” şirkətinə aiddir.
Sifarişə 50 ədəd “Puma” PDM-i ilə yanaşı, ehtiyat hissə paketləri, xüsusi alət dəstləri və təlim simulyatoru daxildir. PSM tərəfindən PDM-lərin Almaniya Silahlı Qüvvələrinə çatdırılmasına 2025-ci ilin dekabrında başlanması və 2027-ci ilin əvvəlində tamamlanması planlaşdırılır.
Xatırladaq ki, ötən ay Bundesver PSM şirkətinə 143 ədəd “Puma” piyada döyüş maşınının təkmilləşdirilməsi üçün 770 milyon avro dəyərində sifariş verib. Həmin sifariş üzrə “S1” səviyyəsinə yüksəldiləcək “Puma” PDM-ləri ilə bağlı görüləcək bütün işlərin 2029-cu ilə qədər tamamlanması nəzərdə tutulub.