
Bundesver “Role 2B” tipli mobil səhra hospitalları alır
“Rheinmetall” şirkəti Almaniya Silahlı Qüvvələrinin (Bundesver) Avadanlıqlar, İnformasiya Texnologiyaları və Xidmətdə Dəstək Federal İdarəsindən (BAAINBw) mobil səhra hospitalları ilə bağlı 300 milyon avro dəyərində sifariş alıb.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, NATO-nun “Role 2B” standartlarına cavab verən ilk mobil səhra hospitallarının 2029-cu ildə Bundesverə çatdırılması planlaşdırılıb
Müqavilə “Rheinmetall”ın törəmə şirkəti olan “Rheinmetall Project Solutions GmbH” tərəfindən həyata keçiriləcək.
Hər bir tibbi kompleks 11 ədəd nəqliyyat vasitəsindən və onlara qoşulmuş çoxfunksiyalı konteynerlərdən ibarət olacaq. Konteynerlər istismar zamanı nəqliyyat vasitələrinin üzərində qalır. Sözügedən nəqliyyat vasitələri “Rheinmetall MAN Military Vehicles” tərəfindən istehsal olunan HX hərbi yük maşınlarıdır. Bu, tibbi obyektlərə yüksək mobillik qazandırır və onları təhdid vəziyyətinə uyğun olaraq müdafiə əməliyyatlarında yerləşdirməyə imkan verir. Bu sayədə ağır yaralı şəxslərə cəbhə xəttinə yaxın ərazilərdə tibbi yardım göstərilə bilir.
İstehsalçının bildirdiyinə görə, mobillik və qorunma baxımından hazırda NATO-da bu sistemə bərabər bir nümunə yoxdur.