![Bundesver yeni piyada pulemyotlarına keçəcək Bundesver yeni piyada pulemyotlarına keçəcək](https://poliqon.az/wp-content/uploads/2021/04/16b60647e15933dc.jpg)
Bundesver yeni piyada pulemyotlarına keçəcək
Almaniya Silahlı Qüvvələri (Bundesver) MG3 pulemyotundan tam imtina edirək tamamilə yeni piyada pulemyotlarına keçəcək.
“Poliqon” “Armyrecognition” portalına istinadən xəbər verir ki, Almaniya Müdafiə Nazirliyi MG5 pulemyotunun yeni alışlarını təsdiqləyib.
Alman ordusu 2014-cü ildən bəri “Heckler & Koch” şirkətindən MG5 pulemyotları alır. 10.000 dəst MG5 pulemyotunun alınması üçün müqavilənin imzalanmasında sonra növbəti 2022-ci ildə Bundesver MG3 pulemyotundan tamamilə imtina edəcək.
MG5 pulemyotu 7,62×51 mm çaplıdır və xarici görünüşü ilə Almaniya ordusu tərəfindən 2005-ci ildən bəri istifadə edilən 5,56×45 mm-lik MG4 pulemyotuna bənzəyir.
MG5 pulemyotu, sələfləri kimi, patronlarla lentdən qidalanır və dəqiqədə 800-ə qədər atəş açmaq imkanına malikdir. Atəş tempini keçiricinin köməyi ilə bir qədər azaltmaq mümkündür. Aksessuarlarla təchiz edilmiş pulemyotun ümumi kütləsi 13 kq-a çatır.
Orduda MG5 pulemyotu, “nəsil şəcərəsi” İkinci Dünya müharibəsinin əfsanəvi MG42 (Maschinengewehr 42) pulemyotuna bağlanan 7,62×51 mm çaplı MG3 pulemyotunun yerini alacaq.
MG5 pulemyotunun bir neçə modifikasiyası mövcuddur:
– MG5 (Universal) – lüləsinin uzunluğu 550 mm olan və qatlanan qundaqlı standart versiya;
– MG5S (Special Forces) – lüləsinin uzunluğu 550 mm və qundaq əvəzinə əl dəstəkli arxalığı olan, xüsusi təyinatlı qüvvələr üçün nəzərdə tutulmuş versiya;
– MG5A1 (Einbauwaffe) – lüləsinin uzunluğu 663 mm olan və texnika üzərində quraşdırılmaq üçün nəzərədə tutulmuş dəzgahlı versiya;
– MG5A2 (Infantry) – lüləsinin uzunluğu 460 mm və mahmızlar əvəzinə əl dəstəyi olan yüngül konstruksiyalı piyada əl pulemyotu versiyası.
Əhəd Əzizov