Cənubi Koreya BƏƏ Ordusuna K239 YARS tədarük edir
Cənubi Koreyanın “Hanwha Defence” şirkəti Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ordusuna K239 “Chunmoo” (digər adı K-MLRS) multikaliber yaylım atəşli reaktiv sistemlərin (YARS) tədarükünə başlayıb,
“Poliqon”un “Army Recognition” portalına istinadən verdiyi məlumata görə, Cənubi Koreyadan olan təlimatçılar artıq BƏƏ-dəki həmkarlarına K239 “Chunmoo” YARS-dan istifadə etmə qaydalarını öyrədirlər.
Qeyd edək ki, bu ilin fevralında Əbu Dabi şəhərində keçirilmiş “IDEX-2021” müdafiə sərgisi zamanı Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri arasında K239 “Chunmoo” YARS-ın alqı-satqısına dair müqavilə imzalanıb.
Cənubi Koreyanın BƏƏ-yə satdığı K239 “Chunmoo” buraxılış qurğularının dəqiq sayı məlum deyil, lakin ehtimal edilir ki, təxminən 12 qurğu satılıb.
Müqaviləyə əsasən, “Hanwha Defence” şirkəti, bu qurğulara atış mənzili 36 kilometrdən 80 kilometrə qədər dəyişən, həm idarə olunmayan, həm də idarə olunan raketlər verməlidir.
K239 “Chunmoo” YARS bir neçə növ idarə olunan və ya idarə olunmayan reaktiv mərmi atmağa qadir özüyeriyən sistemdir. Buraxma qurğusu üç növ raket daşıya bilən iki istiqamətləndiricilər paketindən ibarətdir:
– hər paketdə 20 ədəd 130 mm idarə olunmayan reaktiv mərmi və ya
– hər paketdə 6 ədəd 227 mm-lik idarə olunmayan reaktiv mərmi və ya
– hər paketdə 6 ədəd 239 mm-lik idarə olunan raket.
Paketlərin kombinasiyasını da yaratmaq mümkündür. Məsələn, bir paket 20×130 mm-lik və bir paket 6×227 mm-lik (239 mm-lik) reaktiv mərmilər (raketlər).
K239 “Chunmoo” YARS hazırlanmasına 2009-cu ildə başlanılıb və 2013-cü ilin sonlarında başa çatdırılıb. 2014-cü ilin oktyabr ayında Cənubi Koreya Müdafiə Nazirliyi ordu üçün 58 ədəd K239 “Chunmoo” YARS satın aldığını elan edib. 2015-ci ilin avqust ayında Cənubi Koreya Ordusu və Dəniz Piyadaları Korpusu K239 “Chunmoo” YARS yerləşdirilməsinə başlayıb.
Əsas xassələri: çapı – 130 mm / 227 mm / 239 mm; effektiv atış məsafəsi – 130 mm – 36 km / 227 mm – 45 km / 239 mm – 80 km; raketlərin idarəetmə sistemi – inersial və GPS; döyüş vəziyyətində kütləsi – 25 ton; uzunluğu – 9 metr; eni – 2,5 metr; hündürlüyü – 3 metr; mühərrik – 400 at gücünə sahib dizel mühərriki; yanacaq üzrə gediş ehtiyatı – 800 km; şossedə maksimal hərəkət sürəti – 80 km/saat; heyəti – 3 nəfərdir.
Əhəd Əzizov