“Çakır” qanadlı raketinin atış sınağı həyata keçirilib – VİDEO

“Çakır” qanadlı raketinin atış sınağı həyata keçirilib – VİDEO

“Roketsan” şirkətinin hazırladığı “Çakır” qanadlı raketinin “Akıncı” pilotsuz uçuş aparatından (PUA) atış sınağı həyata keçirilib.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, sınaq zamanı “Çakır” qanadlı raketi hədəfi uğurla məhv edib.

“Roketsan” şirkətinin hazırladığı “Çakır” quru, dəniz və hava platformalarından atıla bilən yeni nəsil qanadlı raketdir. Raket təyyarə və helikopterlərdən, pilotsuz uçuş aparatlarından, o cümlədən taktiki təkərli quru nəqliyyat vasitələri və suüstü platformalardan atıla bilər.

Müasir texnologiyaya əsaslanan və təsirli döyüş başlığına sahib “Çakır” qanadlı raketi istifadəçiyə quru və dəniz hədəflərinə qarşı əməliyyat baxımından geniş imkanlar verir. 150 kilometrdən artıq atış uzaqlığına və 270 kiloqram ağırlığa malik “Çakır” qanadlı raketinin əsasən suüstü hədəflərə, sahilə yaxın quru və suüstü hədəflərə, habelə strateji quru hədəflərinə, sahə hədəflərinə və mağaralara qarşı tətbiq edilməsi nəzərdə tutulub.

Türkiyənin “Kale Arge” şirkəti tərəfindən hazırlanan yerli və milli KTJ-1750 turboreaktiv mühərrikə sahib “Çakır” raketi dizaynının verdiyi çevikliyi sayəsində, missiya planlama əsnasında müəyyən edilmiş üçölçülü dönüş nöqtələri ilə bağlı tapşırıqları asanlıqla yerinə yetirə bilir. “Çakır”, hədəf üzərində vuruş nöqtəsi seçimi və unikal döyüş başlığı ilə hədəfləri yüksək dəqiqliklə məhv etmək qabiliyyətinə malikdir.

Təkmil ara mərhələ və terminal yönləndirmə sistemləri ilə “Çakır” hədəflərini bütün hava şəraitində yüksək dəqiqliklə vura bilir. Şəbəkəyə əsaslanan məlumat bağlantısı sayəsində raket hədəfə doğru irəliləyərkən istifadəçi seçiminə bağlı olaraq, hədəfi dəyişə və tapşırığı ləğv edə də bilir.

“Baykar” şirkəti tərəfindən istehsal edilən “Akıncı” PUA, daxili yükü 450 kq və xarici yükü 900 kq olmaqla, 1350 kq ümumi yükdaşıma qabiliyyətinə malikdir. Hər biri 450 at gücündə (340 kVt) iki turbovintli mühərriklə işləyən PUA-nın maksimal havaya qalxma kütləsi 5.5 tondur.

Bükülü qanad quruluşu ilə 20 metr qanad genişliyinə sahib olan təyyarə platforması, eyni zamanda tam avtomatik uçuş nəzarəti və 3 ehtiyat avtopilot sistemi sayəsində yüksək uçuş təhlükəsizliyi təmin edir. Faydalı yük tutumu sayəsində daşıyacağı milli sursatlarla əməliyyatlar icra edə biləcək “Akıncı” qanadlı raketlər atmaq qabiliyyətinə də malikdir.

CATEGORIES
TAGS