
Cari ildə 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub
Minatəmizləmə istiqamətində qurumların 2022-ci ilin tədbirlər planına əsasən, ümumilikdə 40 min hektar ərazinin təmizlənməsi planlaşdırılır. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) öhdəliyinə düşən ərazi 20 min hektar təşkil edir.
“Poliqon” xəbər verir ki, bu barədə ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov 2021-ci ilin yekunları ilə bağlı məlumat verərkən deyib.
Vüqar Süleymanov qeyd edib ki, yeni müdavimlərin hazırlanması Qarabağda icra olunan əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsinə xidmət edəcək. Yeni müdavimlərin hazırlanması müəyyən müddət tələb edir, təlimlər həm nəzəri, həm də praktiki şəkildə həyata keçirilir. Ümumilikdə, yeni müdavimlərə keçirilən təlimlər əsas humanitar minaaxtarma və döyüş sahələrinin təmizlənməsi, eləcə də humanitar minatəmizləmə fəaliyyətinə inteqrasiya üzrə kurslardan ibarətdir.