
“Saab” şirkəti İsveçin Karlskoqa şəhərində keçirilmiş praktiki atəş nümayişi zamanı “Carl-Gustaf” qumbaraatanı üçün yeni tank əleyhinə mərmisini təqdim edib.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, HEAT 758 adlandırılan yeni mərmi reaktiv zireh (ERA – Explosive Reactive Armour) ilə təchiz olunmuş ağır zirehli döyüş maşınlarını məhv etmək üçün hazırlanıb.
Bildirilib ki, yeni mərminin hazırlanmasına səbəb müasir döyüş meydanlarında ERA ilə qorunan texnikaların getdikcə daha geniş yayılmasıdır.
HEAT 758 tandem döyüş başlığına malikdir. İlk partlayıcı başlıq zirehli maşının üzərindəki reaktiv zirehi neytrallaşdırır. Bundan sonra əsas döyüş başlığı maşının öz zirehini deşərək hədəfi məhv edir. Əsas başlıq 700 mm-ə qədər zirehi deşə bilir ki, bu da ən ağır zirehli texnikaları belə zərərsizləşdirmək üçün kifayətdir.
Qeyd olunub ki, “Carl-Gustaf” qumbaraatanının bir müştərisi artıq HEAT 758 mərmisini sifariş edib və hazırda istehsal prosesi davam edir.




