Cənubi Koreya əlavə AH-64 “Apache” helikopterləri almaq planını ləğv edə bilər

Cənubi Koreya əlavə AH-64 “Apache” helikopterləri almaq planını ləğv edə bilər

Cənubi Koreyanın əlavə 36 ədəd AH-64 “Apache” ağır döyüş helikopteri almaq planının ləğv olunması ehtimalı getdikcə artır.

“Poliqon” “The Chosun Daily” nəşrinə istinadən xəbər verir ki, Cənubi Koreyanın Milli Assambleyası tərəfindən iyulun 4-də qəbul edilən ikinci əlavə büdcədə ağır döyüş helikopterlərinin alınmasının ikinci mərhələsi üçün ayrılmış vəsait 10 milyard vondan (təxminən 7.3 milyon ABŞ dolları) cəmi 300 milyon vona (219 min dollar) endirilib.

Nəşrin bildirdiyinə görə, bu məbləğ 36 ədəd “Apache” helikopterinin alınması üçün ilkin ödəniş olaraq nəzərdə tutulmuşdu (bu helikopterlərin hər birinin dəyəri 77 milyard vonu (56.3 milyon dollar) keçir).

Qeyd edilib ki, ikinci mərhələli bu satınalma may ayında Baş Qərargah Rəisləri Komitəsinin iclasında ilkin olaraq təsdiqlənmişdi, lakin bunun alternativ platformalar, o cümlədən insan-pilotsuz birgə əməliyyat sistemlərinin araşdırılmasından sonra həyata keçirilməsi nəzərdə tutulmuşdu. Son büdcə ixtisarları fonunda layihənin ləğv olunması ehtimalı əhəmiyyətli dərəcədə artıb. Bu dəyişikliklər Rusiya-Ukrayna müharibəsi zamanı ağır hücum helikopterlərinin pilotsuz uçuş aparatları (PUA) tərəfindən asanlıqla sıradan çıxarılması ilə bağlı yayılan xəbərlərdən sonra bu cür helikopterlərin döyüş səmərəliliyi ilə bağlı artan skeptisizmi əks etdirir. Tənqidçilər, “tank ovçuları” adlandırılan bu vasitələrin gördüyü işi daha sərfəli şəkildə həyata keçirə bilən pilotsuz sistemlərin üstünlüyünü vurğulayırlar.

“Birinci mərhələdə vahid qiymət 44.1 milyard von idi, ikinci mərhələdə isə bu rəqəm 77.3 milyarda yüksəldi. ABŞ Ordusunun özü belə “Gray Eagle” kimi qabaqcıl PUA sistemlərinə keçid edərkən, Cənubi Koreyanın “Apache” helikopterləri parkını genişləndirmək planının yenidən nəzərdən keçirilməsi müsbət haldır”, – deyə  millət vəkili Yoo Yonq-von bildirib.

Onun sözlərinə görə, bu satınalma keçmiş prezident Mun Ce-in hökumətinin “Müdafiə İslahatı 2.0” proqramı çərçivəsində təqdim edilmiş “yeni əməliyyat konsepsiyası”na əsaslanırdı: “Mən keçənilki Milli Assambleya auditində həmin konsepsiyanın ləğv edilməsinə baxmayaraq proqramın davam etdirilməsi ilə bağlı narahatlığımı bildirmişdim”.

Buna baxmayaraq, bəzi müşahidəçilər bu layihənin yenidən gündəmə qayıtma ehtimalını istisna etmirlər. Belə ki, Vaşinqtondan, xüsusilə ABŞ prezidenti Donald Tramp tərəfindən müttəfiqlərdən müdafiə xərclərini artırmaq tələbləri davam edir və Çinlə qarşıdurmada Cənubi Koreyanın daha böyük rol oynaması üçün ABŞ Konqresində də iki partiyalı təzyiqlər var. Bu səbəbdən “Apache” alınması ilə bağlı müzakirələrin yenidən başlanması mümkündür.

CATEGORIES