Cənubi Koreya Kanadaya 155 mm-lik atəş yığımı ixrac etməyi düşünür

Cənubi Koreya Kanadaya 155 mm-lik atəş yığımı ixrac etməyi düşünür

Cənubi Koreya öz ehtiyatlarında olan artilleriya atəş yığımlarını Ukraynaya tədarük edən Kanadaya 155 mm-lik döyüş sursatı ixrac etməyi düşünür.

“Poliqon”un məlumatına görə, Cənubi Koreya hökuməti hələ rəsmi olaraq ixrac prosedurlarına başlamayıb, lakin hərbçilər Kanada artilleriyası üçün lazım olan 155 mm-lik artilleriya mərmilərini təmin etmək imkanlarını araşdırır.

Materialda bu yaxınlarda Kanadanın Cənubi Koreyanın diplomatik kanallar vasitəsilə 100 000 dəst 155 mm-lik artilleriya atəş yığımını ixrac edə biləcəyini soruşduğu bildirilir.

Bu məlumatı “The Korea Herald” nəşrinə Koreya Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi təsdiqləyib.

Qeyd edək ki, cari ilin fevral ayından Kanada hökuməti Ukrayna ordusuna müəyyən sayda haubitsa və onun 155 mm-lik mərmiləri verib.

Mayın 24-də Kanadanın müdafiə naziri Anita Anand ölkəsinin Ukraynanı dəstəkləmək üçün NATO standartına uyğun 20 000 dəst 155 mm-lik artilleriya atəş yığımı vermək planını açıqlayıb.

Lakin ABŞ-dan 98 milyon Kanada dollar (77 milyon ABŞ dolları) dəyərində döyüş sursatının alınması, Kanada ehtiyatlarının ehtimal olunan tükənməsindən xəbər verir.

Xatırladaq ki, Cənubi Koreyada 155 mm-lik artilleriya atəş yığımları “Poongsan Corp” korporasiyası tərəfindən istehsal olunur.

Mayın 29-da Cənubi Koreyanın SBS telekanalı məlumat verib ki, ordu öz sursat ehtiyatlarını “Poongsan Corp” korporasiyasına ötürməyi düşünür ki, şirkət Kanadaya əlavə istehsal olmadan endirimli qiymətə artilleriya atəş yığımları verə bilsin.

Məlumatda o da deyilir ki, Seul daha ucuz qiymətə sursat tədarükü ilə həm Kanadaya, həm də Ukraynaya dəstək verməyi planlaşdırır.

Bildirək ki, Ukrayna prezidenti Volodimir Zelenski 11 aprel tarixində Cənubi Koreya deputatlarına virtual müraciət zamanı artıq silah tədarükü şəklində hərbi yardım istəyib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS