Cənubi Koreya KF-21 qırıcısının ilk uçuş sınağını keçirib

Cənubi Koreya KF-21 qırıcısının ilk uçuş sınağını keçirib

Cənubi Koreyanın “Korea Aerospace Industries” şirkəti tərəfindən stels texnologiyası əsasında yaradılan 4++ nəsil KF-21 “Boramae” döyüş təyyarəsinin ilk uçuş sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, istehsalçı şirkət ilə ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) birgə keçirdiyi uçuş sınaqları uğurla tamamlandığı bildirilib.

Sınaqlar zamanı 4 ədəd “hava-hava” tipli “Meteor” raketi ilə silahlanmış KF-21 döyüş təyyarəsi Cənubi Kyonqsan əyalətinin Sacheon şəhərindəki Koreya HHQ-nin bazasından havaya qalxıb. “Boramae” 30 dəqiqə ərzində 400 km/saat sürətlə uçuş həyata keçirib.

İstehsalçı şirkət 2026-cı ilin iyun ayına qədər KF-21 döyüş təyyarəsinin altı prototiplə təxminən 2000 sınaq uçuşunu həyata keçirməyi, ardınca isə həmin il kütləvi istehsal etməyi planlaşdırıb. 2032-ci ilə qədər Koreya HHQ-yə 120 ədəd KF-21 döyüş təyyarəsi təhvil verilməlidir.

KF-21 döyüş təyyarəsi iki mühərriklə təchiz edilib. Təyyarənin gövdə uzunluğu 16,9 m, eni 11,2 m və hündürlüyü 4,7 m olmaqla, F-18 döyüş təyyarəsinə bənzəyir. KF-21 döyüş təyyarəsinin maksimum uçuş sürəti 2200 km/saat, maksimum uçuş məsafəsi 2900 km-dir. Faydalı yükünün kütləsi isə 7,7 tondur.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS