Cənubi Koreya Polşa üçün K2PL tanklarının yeni partiyasını hazırlayıb

Cənubi Koreya Polşa üçün K2PL tanklarının yeni partiyasını hazırlayıb

Cənubi Koreyanın “Hanwha Defence” şirkəti K2 “Black Panther” tanklarının ikinci partiyasını Polşaya göndərmək üçün hazırlayıb.

“Poliqon” xəbər verir ki, tankların hazırlıq prosesini YTN telekanalı nümayiş etdirib.

Yayımlanan görüntülərdə ən azı 5 ədəd tank əks olunub. Bununla belə, çatdırılma üçün hazırlanan K2 “Black Panther” tanklarının dəqiq sayı qeyd olunmur. Onlar həmçinin texnikanın konkret nə vaxt Polşa hərbçilərinə təhvil veriləcəyini də dəqiqləşdirmirlər. Eyni zamanda vurğulanır ki, tanklar hərəkət edən hədəflərə və hərəkət zamanı yüksək atəş topluluğu nümayiş etdirib.

Qeyd edilir ki, şirkət həmçinin Polşanın sifariş etdiyi K9 “Thunder” özüyeriyən artilleriya qurğularının (ÖAQ) və K239 “Chunmoo” yaylım atəşli reaktiv sistemlərin (YARS) də təkmilləşdirilməsi üzərində işləyir.

Xatırladaq ki, Polşa K2 “Black Panther” tanklarının və K9 “Thunder” ÖAQ-ın ilk partiyasını ötən il 5 dekabr tarixində, Polşanın Qdınya limanına çoxməqsədli BBC “Pearl” (General Cargo) ticarət gəmisi ilə 10 ədəd tank və 24 ədəd özüyeriyən qurğu gətirildiyi vaxt alıb.

Texnika partiyası Polşa tərəfindən 648 ədəd K9 “Thunder” ÖAQ və 980 ədəd K2 “Black Panther” tankının alınması haqqında 27 iyul 2022-ci il tarixində müqavilə imzalandıqdan 2 ay sonra istehsal edilib. Eyni zamanda, Polşa 16 sentyabr 2022-ci il tarixində Cənubi Koreyanın “Korea Aerospace Industries” (KAI) şirkəti ilə 48 ədəd FA-50 “Fighting Eagle” çoxməqsədli qırıcı təyyarənin alınmasına dair müqavilə bağlayıb.

Tank müqaviləsi 2022-2025-ci illər ərzində 180 ədəd K2 “Black Panther” tankının (K2PL versiyasında) çatdırılmasını nəzərdə tutur. Müqavilənin dəyəri 3,4 milyard ABŞ dollarıdır.

“Hanwha Defence” şirkəti ilə imzalanmış K9 “Black Panther” özüyeriyən haubitsalarının satınalma müqaviləsi 2022-2026-cı illər üçün nəzərdə tutulub və bu müddət ərzində 212 ədəd K9 “Thunder” ÖAQ (K9A1 versiyasında) Polşaya çatdırılmalıdır. Sövdələşmənin məbləği 2,4 milyard ABŞ dollarıdır. Müqaviləyə həmçinin heyətlərin təlimi və texnikaların texniki qulluğu daxildir.

2022-ci ilin noyabr ayında Polşa silahlı qüvvələr üçün Cənubi Koreyanın “Hanwha Aerospace” şirkəti ilə K239 “Chunmoo” YARS buraxma qurğularının alınmasına dair icra müqaviləsi imzalayıb. Sövdələşmənin dəyəri 3,55 milyard ABŞ dollarıdır. O, maddi-texniki və təlim paketi ilə birlikdə 218 ədəd K239 Chunmoo buraxma qurğusunun, döyüş sursatı ehtiyatının, o cümlədən 80 kilometrə qədər və ballistik raketlər halında isə 290 km-ə qədər mənzilli bir neçə min yüksək dəqiqlikli 239 mm-lik reaktiv mərmilərin tədarükünü nəzərdə tutur. Eləcə də Cənubi Koreyalı istehsalçı bu texnikalara texniki dəstək də göstərəcək.

FB IMG 1674397439836 FB IMG 1674397442053

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS