Çexiya 210 ədəd yeni PDM almaq istəyir
Çexiya Müdafiə Nazirliyi ordu üçün yeni piyadaların döyüş maşını (PDM) alınması proqramı çərçivəsində sınaqların növbəti mərhələsini keçirəcək.
“Poliqon” xəbər verir ki, bu barədə Çexiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sınaqlarda CV90 Mk. IV (“BAE Systems”, Böyük Britaniya), Lynx KF41 (“Rheinmetall AG”, Almaniya) və ASCOD 2 (“General Dynamics European Land Systems”, İspaniya) PDM iştirak edəcək.
Sınaq tədbirlərinin təxminən altı həftə davam etməsi və bu ilin 6 iyun tarixində başa çatması planlaşdırılır. Nəticələrin təhlili və qiymətləndirmə isə təxminən iki həftə davam edəcəkdir.
Bu müddət ərzində istehsalçılar tərəfindən təqdim olunan sənədlərdə göstərilən parametrlərin, həmçinin texnikaların real imkanlarının (erqonomika, hərəkətlilik, atəş gücü və s.) yoxlanması kimi 30 fərqli sınağın həyata keçirilməsi planlaşdırılır.
Qalib, təxmin edilən dəyəri 53 milyard çex kronu (CZK, təxminən 2.464 milyard ABŞ dolları) olan müqaviləyə sahib olacaq. Bu müqaviləyə əsasən istehsalçı Çexiya Silahlı Qüvvələrinə 210 ədəd yeni PDM və bunlara əsaslanan xüsusi nəqliyyat vasitələri təqdim edəcək. Bütün alınacaq texnikalar 7-ci Mexanikləşdirilmiş briqadanın silahlandırılmasına yönəldiləcək. Yeni alınacaq vasitələr köhnəlmiş və Çexoslovakiyada SSRİ-nin BMP-2 lisenziyası əsasında istehsal olunmuş BVP-2 PDM-ləri əvəz edəcək.
Əhəd Əzizov