Çexiya ABŞ-dan əlavə döyüş helikopterləri alır
Çexiya özünün silahlı qüvvələri üçün əlavə UH-1Y “Venom” və AH-1Z “Viper” helikopterləri almağı planlaşdırıb.
“Poliqon” Çexiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Çexiyanın müdafiə naziri Yana Çernoxova ölkədə mövcud olan helikopter parkının ölkəni qorumaq üçün kifayət etmədiyini hesab edir.
“Müdafiə Nazirliyində müdafiə xərclərində buraxılanları mümkün qədər tez bərpa etmək üçün bütün ilkin şərtlər mövcuddur”, – deyən Çexiyanın müdafiə naziri ölkənin NATO qarşısında götürülən öhdəliklər çərçivəsində müdafiə xərclərini ÜDM-in 2%-nə qədər kəskin şəkildə artırmaq niyyətində olduğunu bildirib.
Bu yaxınlarda ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə keçirdiyi görüşdə Y. Çernoxova Çexiya Müdafiə Nazirliyinin əlavə olaraq “Bell Helicopters” şirkətinin istehsalı helikopterlər almaqda maraqlı olmasını müzakirə edib. Onun sözlərinə əsasən, “görünür ki, Çexiya Ordusunun gələn il alacağı 12 ədəd helikopter mövcud şəraitə görə kifayət deyil”.
Çexiyanın əldə etmək niyyətində olduğu ordu helikopterlərinin sayı açıqlanmır. Bununla belə, yerli sənaye şərhçiləri rəsmi Praqanın birinci sifarişə əlavə olaraq daha 12 ədəd helikopter alacağını ehtimal edirlər.
Xatırladaq ki, 2019-cu ildə Çexiya hökuməti ABŞ-ın “Bell Helicopters” şirkətindən 14,6 milyard kron (660 milyon ABŞ dolları) qarşılığında 8 ədəd UH-1Y “Venom” və 4 ədəd AH-1Z “Viper” helikopteri almağa qərar verib. Həmin dövrdə Çexiya müdafiə naziri olmuş Lyubomir Metnar bildirib ki, çatdırılma 2023-cü ildə gözlənilir (həmçinin bax: Çexiya aviasiya parkını ABŞ helikopterləri ilə gücləndirir).
UH-1Y “Venom” ABŞ Dəniz Piyadaları Korpusu üçün nəzərdə tutulmuş çoxməqsədli helikopterdir, Bell UH-1N “Huey” helikopteri bazasında yaradılıb. Belə vertolyotlar qırx ildən çox müddət ərzində ABŞ dəniz piyadalarının silahlanmasında olub və rəsmi olaraq 2014-cü ildə istismardan çıxarılıb. Adındakı “Y” hərfi səbəbindən yeni helikopter qeyri-rəsmi olaraq “Yankee” adını alıb.
Qeyd edək ki, UH-1Y “Venom” helikopteri “Bell Helicopters” şirkəti tərəfindən hazırlanıb və istehsal edilir. Helikopterin ilk uçuşu 2001-ci ildə baş tutub və o 2008-ci ildə ABŞ Dəniz Piyadaları Korpusunun silahlanmasına daxil edilib. Onun standart silahlanmasına idarə olunan (APKWS) və idarə olunmayan (“Hydra 70”) 70 mm-lik raketlər üçün buraxılış qurğuları (7 və 19 atımlı qurğular), həmçinin M134 asma çoxlüləli pulemyot daxildir.
AH-1Z “Viper” helikopteri də “Bell Helicopters” şirkəti tərəfindən hazırlanaraq istehsal edilir və 2010-cu ildən ABŞ Dəniz Piyadaları Korpusunda silahlanmadadır. O, 296 km/saat sürət yığa bilir, döyüş radiusu isə 231 km-dir. Helikopter 750 ədəd döyüş dəsti olan 20 mm-lik üçlüləli topla silahlanıb. Həmçinin idarə olunan və idarə olunmayan “Hydra 70”, AIM-9 “Sidewinder”, AGM-114 “Hellfire” və digər silahlar üçün altı dirəyə (pilona) malikdir.
Əhəd Əzizov