Çexiya əlavə “Leopard 2A4” tankları alır
Çexiya Müdafiə Nazirliyi Almaniyanın “Rheinmetall” şirkətinə daha 14 ədəd “Leopard 2A4” tankı sifariş edib.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, tankların tədarükü üçün şirkət ilə Çexiya Müdafiə Nazirliyinin Silahlanma və Satınalma şöbəsi arasında 161 milyon avro dəyərində müqavilə imzalanıb.
Bildirilib ki, müqavilə “Leopard 2A4” tankının alınması ilə yanaşı, həm də çox sayda silah-sursatın tədarükünü və logistika paketini əhatə edir.
Müqavilə çərçivəsində “Rheinmetall” tərəfindən yenilənmiş 14 ədəd “Leopard 2A4” tankı 2026-cı ilin sonuna qədər Çexiya Ordusuna təhvil veriləcək.
Qeyd edək ki, Çexiyanın ikinci əl olaraq “Rheinmetall”dan aldığı “Leopard 2A4”lər, əvvəllər İsveçrə Ordusunun inventarda olmuş tanklardır. İsveçrə Ordusu bu tankları inventarından çıxaran zaman “Rheinmetall” onları satın alıb. Hazırda şirkət həm İsveçrə, həm digər ölkələrdən aldığı “Leopard” tanklarını təmir, modernizasiya və müştərinin istəyinə uyğun fərdiləşdirərək başqa ölkələrə satmaqdadır.