“Challenger 3” tankı üçün modul zirehli müdafiə hazırlanacaq

“Challenger 3” tankı üçün modul zirehli müdafiə hazırlanacaq

Böyük Britaniyanın “BAE Systems” (BAE) və Almaniyanın “Rheinmetall” konsernlərinin birgə müəssisəsi olan “Rheinmetall BAE Systems Land” (RBSL) şirkəti “Challenger 3” əsas döyüş tankı üçün yeni modul zirehli müdafiə sisteminin tədarükü üçün müqavilə imzalayıb.

“Poliqon” RBSL-ə istinadən xəbər verir ki, döyüş maşınının sağqalma qabiliyyətini əhəmiyyətli dərəcədə artıran yeni modul zirehli müdafiə “Rheinmetall BAE Systems Land” və “Defence Science and Technology Laboratory” şirkətlərinin birgə səyləri ilə hazırlanıb.

Təkmilləşdirilmiş zireh müqaviləsi zireh həllərinin istehsalı üçün dünya səviyyəli sənaye qabiliyyətini təmin edəcək.

Ötən ilin sentyabr ayında xarici KİV-də Böyük Britaniyanın “Challenger 2” tanklarının “Challenger 3” səviyyəsinə yüksəldilməsi proqramını sürətləndirildiyi barədə xəbərlər yayılıb.

Qeyd edək ki, tankın silahlanmaya qəbulu əvvəlcə planlaşdırıldığı kimi 2027-ci ildə deyil, 2025-ci ildə baş tutmalıdır. Qərar Ukraynadakı müharibə və Böyük Britaniyanın quru qoşunlarının modernləşdirilməsinin sürətləndirilməsi fonunda qəbul edilib.

Hal-hazırda “Challenger 2” tanklarının gövdələrinin ilk partiyası “Challenger 3” səviyyəsinə yüksəldilir, bundan sonra gövdəyə Almaniyanın 120 mm-lik L55A1 tank topu olan yeni qüllə quraşdırılacaq. Yeni qüllələrin istehsalına 2022-ci il martın 24-də Nyukasldakı “Armstrong Works” müəssisəsində başlanılıb.

İlk “Challenger 3” tankları Kral Tank Alayına 2025-ci ildə daxil olmalıdır. Ümumilikdə Böyük Britaniya Müdafiə Nazirliyi 147 tankı təkmilləşdirməyi planlaşdırır.

Təkmilləşdirmə “Boxer” zirehli transportyorlarının, “Challenger 3” tanklarının və digər zirehli texnikaların istehsalı üzrə ixtisaslaşan yeni RBSL Zirehli Zavodunda (Telford) yerinə yetiriləcək.

“Challenger 3” tankı “Challenger 2” tankının gövdəsindən istifadə edəcək və bu, qaynaqların bütövlüyü və keyfiyyəti üçün ultrasəs sınaqlarını əhatə edən geniş təkmilləşdirmə prosesindən keçəcək. Bundan başqa, köhnə kompozit zireh sökülərək EPSON kimi tanınan yeni kompozit zireh paketi ilə əvəz olunacaq. Həmçinin “Farnham” əlavə qoruyucu asma bloklar üçün yeni bərkidicilər də quraşdırılacaq. Tankın gövdəsi 2050-60-cı ilə qədər sonrakı istifadə üçün resursun artırılması prosesindən keçəcək.

Yenilənmiş tank unitar mərmilərlə atəş apara bilən 55 çap uzunluğundakı 120 mm-lik L55A1 tank topu (Almaniya) ilə təchiz ediləcək. Yeni qüllələr “Challenger 2” tankında olduğu kimi tökmə üsulu ilə deyil, qaynaq yolu ilə hazırlanır.

“Challenger 3” tankı haqqında ümumi məlumatlar aşağıdakı kimidir:

  • istehsalçı – “Rheinmetall BAE Systems Land”
  • yaradılma ili – 2020
  • planlaşdırılan tədarüklərin başlanma ili – 2025
  • operatorlar – Böyük Britaniya
  • planlaşdırılan istehsal sayı – 147 ədəd
  • döyüş kütləsi – 60 ton
  • heyəti – 4 nəfər (komandir, tuşlayıcı, doldurucu və sürücü)
  • əsas silahı – 120 mm-lik L55A1 tank topu
  • köməkçi silahları – 7,62×51 mm-lik L94A1 pulemyotu və məsafədən idarə olunan qurğuda 7,62×51 mm-lik L37A3 pulemyotu
  • mühərriki – Perkins CV12-9A 26.1 litre V12 diesel
  • mühərrikin gücü – 1500 at gücü
  • transmissiya – David Brown Santasalo TN54E: 6 pillə irəli, 2 pillə geriyə
  • asqı – hidropnevmatik Horstman

“Challenger 3” proqramı təkcə əsas döyüş tankı təqdim etmir, həm də Böyük Britaniyada mühüm sənaye qabiliyyətini bərpa edir, Britaniya mühəndisliyi və istehsalının ən yaxşılarından faydalanmaqla yanaşı, ölkə daxilində dəyərli bacarıqları qoruyur.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS