Çində WZ-7 PUA təqdim olunacaq

Çində WZ-7 PUA təqdim olunacaq

Bu ilin 28 sentyabr – 3 oktyabr tarixlərində Çinin cənubundakı Çjuhay şəhərində keçiriləcək “AIRSHOW CHINA-2021” aviasalonunda Çin ilk dəfə WZ-7 yüksəklik kəşfiyyat pilotsuz uçuş aparatını (PUA) təqdim etməyə hazırlaşır.

“Poliqon” xəbər verir ki, istehsalçı WZ-7 PUA-nı aviasalonun statik ekspozisiyasında təqdim edəcək.

Qeyd edək ki, Çinin ən böyük hərbi PUA-lardan birinin konstruksiyasında 7000 kilometrə qədər uçuş məsafəsini artırmağa imkan verən tandem qanad tətbiq edilib. Bu səbəbdən kəşfiyyat uçuşları, dəniz sahillərində patrul xidməti və artan dözümlülük tələb edən digər tapşırıqlarda istifadə edilməsi planlaşdırılır. PUA-nın uçuş kütləsi 7500 kiloqramdır. Eyni zamanda 650 kiloqrama qədər döyüş yükü daşımaq qabiliyyətinə malikdir. Mütəxəssəslər gələcəkdə onu raketləri dəniz obyektlərinə tuşlamaq üçün avadanlıqlarla təchiz etmək niyyətindədirlər.

Əvvəllər “Süzən Əjdaha” kod adı daşıyan PUA indi rəsmi olaraq WZ-7 adını alıb və Çin Xalq Azadlıq Ordusu (XAO) tərəfindən silahlanmaya qəbul edilib. Bundan əlavə, aviasalonda beşinci nəsil J-20 qırıcısı, J-16D radio-elektron mübarizə təyyarəsi, H-6K bombardmançısı, Y-20 hərbi nəqliyyat təyyarəsi və Çin müdafiə sənayesinin digər məhsulları nümayiş olunacaq.

Bunlarla yanaşı, sərgiyə gələnlər Çin Hərbi Hava Qüvvələrinin pilotaj qruplarının iştirakı ilə genişmiqyaslı hava şousunu da görə biləcəklər.

Xatırladaq ki, aviasalonun əsas mövzusu hərbi və mülki aviasiya texnikaları, kosmik texnologiya və avadanlıqlar, aviasiya texnikaları və silahları, aviasiya və raket mühərrikləri, atəşi idarəetmə sistemləri, hava hücumundan müdafiə sistemləri, radiolokasiya avadanlıqları, habelə hava limanları üçün naviqasiya avadanlıqlarıdır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS