
Çinin “Flightwin” şirkəti pilotsuz uçuş aparatlarını (PUA) və müxtəlif tipli faydalı yüklərini “Dubai Airshow 2025” sərgisində nümayiş etdirib.
“Poliqon” xəbər verir ki, sərgidə şirkətin təqdim etdiyi məhsullar arasında FWH-3000, FWH-750 və FWH-450 pilotsuz helikopterləri xüsusi diqqət çəkib.
Dizayn baxımından ABŞ istehsalı CH-47 “Chinook” nəqliyyat helikopterinə bənzəyən FWH-3000, 2500 kq sinifinə aid iki rotorlu pilotsuz helikopterdir və maksimum 1000 kq faydalı yük daşıma qabiliyyətinə malikdir. 4.2 m³ həcmə sahib yük kabini 2 ədəd 500 kq-lik yükün daşınmasını və ya təcili hallarda 6 yaralı və xəstənin evakuasiyasını təmin edir. Gövdə altında iri ölçülü yüklərin qaldırılması və daşınması üçün asqı və elektrikli vinç üçün montaj imkanı mövcuddur. FWH-3000 pilotsuz helikopteri yükdaşıma, tibbi təxliyə, meşə yanğınlarının söndürülməsi və milli müdafiə kimi tapşırıqları yüksək dağlıq ərazilərdə, meşə və səhra şəraitlərində yerinə yetirə bilir.
Onun uzunluğu 6.5 m, eni 2.2 m və hündürlüyü 2.5 m-dir. Maksimum uçuş sürəti 180 km/saat olan pilotsuz helikopterin havada qalma müddəti 5 saat, xidmət tavanı isə 6500 metr təşkil edir. FWH-3000, avtonom qalxma və enmə, avtonom marşrut uçuşu, sabit nöqtədə havada dayanma və dəqiq çatdırma imkanlarına malikdir.








