
“Çirkon” hipersəsli raketin suüstü gəmilərdə sınaqları tamamlanıb
Rusiyanın qanadlı “Çirkon” hipersəsli raketinin Şimal Donanmasının “Admiral Qorşkov” freqatında növbəti atış sınaqları keçirilib.
Bu barədə “Poliqon” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, atış sınaqları zamanı “Admiral Qorşkov” freqatından buraxılan “Çirkon” hipersəsli raket Ağ dənizdəki hədəfi yüksək dəqiqliklə vurub və bununla “Çirkon”un suüstü gəmidə sınaqları uğurla tamamlanıb.
Bundan sonra, “Çirkon” gəmi əleyhinə raketin sualtı qayıqlardan atış testlərinin keçirilməsi planlaşdırılır. Rusiya Müdafiə Nazirliyinin cari ilin əvvəlində açıqladığı məlumatda “Çirkon” raketinin dövlət sınaqlarının cari ilin sonuna qədər, sualtı qayıqlardan atış testlərindən sonra başa çatacağı bildirilmişdi.
Sualtı qayıqlarda və suüstü gəmilərdə istifadə edilməsi nəzərdə tutulan “Çirkon” gəmi əleyhinə raketin 2022-ci ildə seriyalı istehsala başlanması planlaşdırılıb.