Coğrafi İnformasiya Sisteminin hərbi tətbiqləri – TƏHLİL

Coğrafi İnformasiya Sisteminin hərbi tətbiqləri – TƏHLİL

Texnoloji inqilabla sürətlə dəyişən müharibələrdə istifadə edilən texnologiya ilə üsullar dəyişib. Bu, təkcə müharibələrin aparılmasını dəyişdirməyib, həm də hərbi gücdə üstünlük əldə etmək üçün əsas amilə çevrilib. Hərbi əməliyyatlarda idarəetmə, nəzarət, rabitə və koordinasiya anlayışı, əməliyyat əmrlərinə bağlı sürətli qərarların qəbul edilməsində istifadə olunan dəqiq məkan məlumatlarının mövcudluğundan asılıdır. Mahiyyətcə məkan xarakterli olması Coğrafi İnformasiya Sisteminin (CİS) hərbi əməliyyatlarda mühüm rol oynamasına səbəb olmuşdur.

CİS texnologiyasının hərbi əməliyyatlarda istifadəsi verilən qərarlara əhəmiyyətli dərəcədə təsir etməkdədir. Rəqəmsal xəritələr yol, strateji obyektlərin mövqeyi, döyüş meydanının ərazi xüsusiyyətləri və yüksəklik məlumatları daxil olmaqla bir çox coğrafi məlumatlar ilə əməliyyatçıları təmin edir. Bundan başqa, kompüter və peyk texnologiyasının birgə istifadəsi kəşfiyyat işlərinin aparılması vaxtını minimuma endirmişdir. Bundan irəli gələrək demək olar ki, müasir müharibələrin aparılması üsulları CİS texnologiyası ilə dəstəklənməli və bu texnologiyanın inkişafı ilə daima uyğunlaşmalıdır.

Coğrafi İnformasiya Sistemi müasir hərbi əməliyyatlarda komandirlər üçün əla vasitədir. Silahlı Qüvvələrdə CİS texnologiyasının tətbiq olunması bu qüvvələrin işlərində və fəaliyyətlərində yüksək effekt yaratdığını söyləyə bilərik. CİS texnologiyasından kartoqrafiya, kəşfiyyat, döyüş sahəsinin idarə edilməsi, ərazinin məkansal təhlili, hərbi qurğuların idarə edilməsi və mümkün terror fəaliyyətinin monitorinqi kimi müxtəlif tətbiqlərdə istifadə edilir. Güncəl məkan məlumatlarını sürətlə əldə edən və ondan aktiv şəkildə hərbi əməliyyatlarda istifadə edən müharibə tərəfləri hər zaman üstün bir mövqedədir. Hərb tarixinə nəzər salsaq görərik ki, son 30-35 il içərisində baş verən müharibələrdə və 2-ci Qarabağ müharibəsində məkan məlumatının istifadəsi çox əhəmiyyət kəsb etmişdir. Günümüzdə bir çox silahlı qüvvələr tərəfindən sıx istifadə olunan C4I2 (Command, Control, Communications, Computing, Intelligence and Interoperability) sistemləri CİS fəlsəfəsi əsasında yaradılmışdır.

cis

Hərbi əməliyyatlarda CİS

Bir komandir üçün məkan məlumatları çox əhəmiyyətlidir. Bölmələrin ərazidə yerləşdirilməsinin planlaşdırılması, tank qoşunlarının marş keçirməsi və s. kimi fəaliyyətlərdə ərazi şərtləri və torpaq örtüyü haqqında məlumatlar toplanılır və analiz edilir. Bu məlumatlara marş boyunca körpülərin vəziyyəti, çay keçidləri, göl və kanallar, helikopter enmə sahələri, elektrik ötürücü xətti (EÖX), taktiki cəhətdən əhəmiyyətli yollar və yol strukturları, torpağın geoloji quruluşu və s. haqqında məlumatları aid etmək olar. CİS texnologiyasından istifadə etməklə məkan məlumatlarının vizuallaşdırılması komandirə ərazi haqqında daha dolğun fikir sahibi olmağa imkan verir. Buna görə də rəqəmsal xəritələşdirmə və Coğrafi İnformasiya Sistemi, döyüş meydanının simulyasiyası, vəzifə brifinqi və qarşılıqlı əlaqənin planlaşdırılması, logistika idarəetməsi və komanda nəzarəti kimi müxtəlif fəaliyyətlərin mərkəzində yer almaqdadır.

Hərbi əmlakların idarə edilməsi

cis4Silahlı Qüvvələrə aid olan hərbi baza, hərbi hissə, hərbi aerodrom, hərbi liman və s. kimi hərbi əmlakların aktiv idarəedilməsi əhəmiyyətli dərəcədə səy tələb etməkdədir. Hərbi bazaların idarəedilməsində Coğrafi İnformasiya Sistemindən istifadə edilməsi bazada mövcud olan bütün binaların müdafiəsini və onlara olunan texniki qulluq fəaliyyətlərini asanlaşdırır, həmçinin, yeni tikiləcək binaların və təlim yerlərinin seçimində optimal yerləri müəyyən etməyə imkan verir. Bu istiqamətdə hərbi hissələr üzrə hazırlanan özəl rəqəmsal xəritə (baş plan) və 3D modelləri əvəzedilməz məkan məlumatlarıdır.

Ərazinin öyrənilməsi və qiymətləndirilməsi

Döyüşün təşkil edilməsi prosesində ərazinin öyrənilməsi və qiymətləndirilməsi onun taktiki xüsusiyyətlərinin aşkara çıxarılmasından və bu xüsusiyyətlərin bölmələrin fəaliyyətinə təsirinin aydinlaşdırılmasından ibarətdir. Bu zaman ərazidə baş verən mümkün dəyişikliklər, meteoroloji şərait, ilin və sutkanın vaxtı nəzərə alınmalıdır. Bütün bunların əsasında ərazinin əlverişli xassələrindən səmərəli istifadə olunması və mənfi təsirinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilməsi üçün zəruri olan nəticələr çıxarılır.

cis2

Həyata keçirilən hərbi əməliyyatlarda bölmə komandirləri ərazi şəraitini, zirehli daşıyıcıların və tankların manevr edilməsi, həmçinin müxtəlif silahlardan istifadə üçün yüksək məlumatlarını öyrənmək istəyirlər. Bundan əlavə, resursdan istifadəni optimallaşdırmaq üçün bitki örtüyünə, yol şəbəkələrinə və nöqtə işarələmə dəqiqliyinə malik kommunikasiya xətlərinə ehtiyac duyurlar.

Hərbi əməliyyatlar üçün ərazidən istifadə, relyef modeli və yaşayış mühitinin yaxınlığı haqqında məlumatı əks etdirən təfərrüatlı ərazi xəritəsi vacibdir. Bundan başqa, ərazinin keçilmə imkanını qiymətləndirərkən döyüş və digər hərbi texnikanın taktiki-texniki göstəriciləri, ilin fəsli və hava şəraiti hər zaman nəzərə alınmalıdır. Bütün bu təfərrüatlar CİS məlumat bazasında ehtiva edilərək istifadəyə hazır olmalı və bölmə komandirinin fəaliyyət göstərdiyi ərazidə istifadə etdiyi bütün cihazlara inteqrasiya edilməlidir. Məlumatların cihazlara inteqrasiyasında olan hər hansı bir uyğunsuzluq keçirilən hərbi əməliyyatı təhlükə altına alabilər.

Məkan məlumatlarını görüntüləmə

cis3Coğrafi İnformasiya Sisteminin potensial istifadəçilərinin əksəriyyəti təsvirləri istifadə edənlərdir. Bunlar arasında hərbiçilərin xüsusi bir yeri var. Planlaşdırılan əməliyyatları uğurla icra etmək məqsədiylə mövcud vəziyyəti qiymətləndirmək lazımdır. Bu qiymətləndirmənin icra edilməsi üçün isə peyk təsvirinə, aerofotoşəkilə, PUA görüntüsünə, raster və rəqəmsal xəritəyə ehtiyac vardır. Bu çox formatlı məlumatların birgə istifadə edilməsi üçün onların inteqrasiyası lazımdır və bunun üçün CİS məlumat bazasına ehtiyac yaranır. CİS məlumat bazası fərdi istifadəçilər üçün ən uyğun məhsulun seçilməsinə imkan verir və eyni zamanda əməliyyat vəziyyətinə görə ən uyğun xəritənin hazırlanmasına imkan tanıyır. Təfərrüatlı hazırlanmış məkan məlumatları xəritəsi hərbiçilər üçün əvəzsizdir.

Dəniz Əməliyyatları

cis5Hərbi Dəniz Qüvvələrinin dənizdə gəmiləri əyani vasitələrlə öz mövqelərini təyin etmək üçün heç bir vasitə olmadıqda naviqasiya üçün əsasən dolayı üsullardan istifadə edirlər. Hərbi gəmilərin dənizdəki mövqeləri GPS vasitəsilə təyin edilir. Hərbi gəmilərdə Elektron Xəritə Görüntüləmə və İnformasiya Sistemi (Electronic Chart Display and Information System) istifadə edilməkdədir. Bu texnologiya bütün hava şəraitində gəmiləri təhlükəsiz idarə etməyə kömək edir. Elektron Naviqasiya Xəritəsi (Electronic Navigation Chart) naviqasiya vasitəsi olaraq istifadə olunan ənənəvi kağız xəritəni əvəz etmişdir və sahə içərisindəki dərinlik, təhlükələr və s. haqqında müfəssəl məlumatları ehtiva edir. Elektron Naviqasiya Xəritəsi, CİS əməliyyatları üçün məlumat bazasıdır və Elektron Xəritə Görüntüləmə və İnformasiya Sistemi (EXGİS) isə dəniz mühitindəki real zamanlı CİS tətbiqidir. EXGİS sistemi okeanoqrafik və meteoroloji məlumat laylarından istifadə etməklə sualtı qayıqlara qarşı və desantçıxarma hərbi əməliyyatlarında sıxlıqla istifadə edilməkdədir.

Hava əməliyyatları

cis6Döyüş şəraitində hava əməliyyatları, hədəf təyin etmək üçün dəqiq hündürlük məlumatı ilə yanaşı quru əməliyyatlarında istifadə edilən məkan məlumatlarlna da ehtiyac hiss edir. Bunlara naviqasiya məlumatlarından başqa hədəfin mövqeyi, mülki ərazilərin yaxınlığı, ərazinin qiymətləndirilməsi və meteoroloji şərait haqqında ətraflı məlumatlar daxildir. Virtual reallıq konsepsiyaları effektiv hava hücumu əməliyyatlarında qırıcı və bombardmançı təyyarələr üçün əhəmiyyət kəsb edir.

Hava haqqında məlumat

cis10

Müharibə meydanında hava məlumatının çox böyük əhəmiyyəti vardır. Komandirlər üçün quru, hava və dənizdə həyata keçirilən hərbi əməliyyatların uğurla icra edilməsi real zamanlı hidrometeroloji məlumatlarının olmasından çox asılıdır. Hər bir komandir küləyin sürəti, havanın temperaturu, yağıntının miqdarı və s. məlumatların hərbi əməliyyata təsirlərini bilmək istəyir.

Günümüzdə Silahlı Qüvvələr 3 günlük və 10 günlük hidrometorolojik məlumatlarla təmin edilirlər. Bu məlumatlar hərbi təyinatlı CİS sistemlərində digər məlumatlarla birgə inteqrasiya olunmuş formada istifadə edilməkdədir.

Mövqe məlumatı

cis7

Coğrafi İnformasiya Sistemi istənilən meyarlara uyğun olaraq yer axtarmaq, müəyyən edilmiş bölgə haqqında məlumatları təhlil etmək və seçilmiş bölgə üçün qəbul ediləcək qərarlar üçün məlumat təmin etmək qabiliyyətinə malikdir.

CİS, seçilmiş regionda müxtəlif alternativlərin təsirini araşdıra və regionun əvvəlki/sonrakı vəziyyətinin monitorinqini apara bilir. Mövqe məlumatı, əməliyyat planlaşdırmasında və strategiyanın formalaşdırılmasında mühüm amildir.

CİS mühitində peyk təsvirlərindən istifadə etməklə şəxsi heyəti və hərbi texnikanı sürətli və effektiv bir şəkildə ərazidə yerləşdirmək mümkündür. Eyni zamanda düşmən fəaliyyətlərinin izlənməsi və düşmən bölmələrinin mövqeləri haqqında məlumat əldə etmək üçün yüksək ayırdetmə dərəcəsinə malik peyk təsvirlərindən istifadə edilməkdədir.

Logistika idarəetmə

cis8

Coğrafi İnformasiya Sistemi hərbi logistikada da mühüm rol oynayır, çünki o, təchizatların, avadanlıqların və qoşunların lazımi vaxtda və yerdə lazım olan yerə daşınmasına vasitəçilik edir.

CİS-dən istifadə etməklə əsas marşrutlara alternativ marşrutların müəyyən edilməsi həyata keçirilir. Alternativ marşrut, əsas marşrutda baş verəcək hərhansı bir hadisə və ya tıxac halində istifadə olunur.

CİS bizə marşrut boyunca təyin edilmiş yol tənzimləyici qüvvələrin, yol kəsişmələrinin və digər önəmli ərazi obyektlərin dəqiq koordinat dəyərlərini və onların arasındakı məsafəni əldə etməyə imkan verir.

Geoməkan kəşfiyyatı

cis9

Geoməkan kəşfiyyatı geoməkan və kəşfiyyat məlumatlarının birləşməsi, mürəkkəb təhlili və vizuallaşdırması ilə coğrafi məlumatların səmərəli idarə edilməsinə imkan verir və hərbi əməliyyatlarda daha yaxşı və daha sürətli qərar qəbul etməyi dəstəkləyir.

Maşın öyrənməsi (machine learning) ilə genişləndirilmiş geoməkan kəşfiyyatı proqramı ərazi və strukturlardakı dəyişikliklər üzrə xəritələrin hazırlanmasına kömək edərək, fəlakətlərə cavab layihələrini daha səmərəli və effektiv edir.

Geoməkan kəşfiyyatı həmçinin qoşunları qorumağa, riskləri qiymətləndirməyə və düşmən əməliyyatları haqqında məlumat əldə etməyə imkan verir.

Rəqəmsal xəritə

Əməliyyat planının hazırlanması və icrası zamanı müxtəlif məqsədlər üçün rəqəmsal xəritələrə ehtiyac vardır. CİS mühitindəki rəqəmsal məkan laylarının idarəolunması imkanı xüsusi istifadəçi ehtiyaclarını ödəmək üçün müxtəlif növ rəqəmsal xəritələrin hazırlanmasını asanlaşdırır. Rəqəmsal xəritələrin hazırlanması hərbi qərargahlarda lazımi məkan məlumatlarının vizuallaşdırılmasını təmin edir. Komandirlər, real zamanlı əməliyyat ssenarisini təhlil etmək məqsədi ilə tematik məkan məlumatlarından istifadə edirlər. Hərbi əməliyyatlarda bütün qoşun növləri tərəfindən istifadə olunan rəqəmsal xəritənin vahid koordinat sistemində hazırlanması qoşun növləri arasındakı koordinasiyanı maksimum səviyyəyə çıxarır. Bu nüans çoxmillətli qüvvələr tərəfindən icra edilən hərbi əməliyyatlar zamanı xüsusən çox əhəmiyyət kəsb edir. Bosniya müharibəsi buna əyani sübutdur. Bosniya müharibəsi zamanı Avropada istifadə edilən koordinat sistemi (ED-50) ilə WGS-84 koordinat sistemi arasında fərqlərin olması çox millətli qüvvələr tərəfindən ayrı-ayrılıqda hədəflərin təyin edilməsində bir sıra çətinliklər yaratmışdır. Günümüzdə bu çətinliklərin aradan qalxması üçün vahid koordinat sistemi olaraq WGS-84 koordinat sistemindən istifadə edilməyə üstünlük verilməkdədir.

Nəticə

Müxtəlif qoşun növlərini ehtiva edən döyüş əməliyyatlarını icra etmək, logistikanı planlaşdırmaq və yerinə yetirmək, bölmələrin yerdəyişməsini və onlar arasındakı əlaqəni təşkil etmək məqsədi ilə icra edilən müharibə sahəsinin qiymətləndirilməsi mərhələsi üçün inteqrasiya olunmuş bir yanaşma uğurlu döyüş əməliyyatlarının icra olunması üçün lazımi ön şərtlərdən biridir. CİS texnologiyası əməliyyatlarda yer alan hərbiçilərə vəzifələrinin icrasında əhəmiyyətli dərəcədə köməklik edir. Beləki, CİS texnologiyasının Məsafədən Zondlama texnologiyası ilə inteqrasiya olunması hərbiçilərə kəşfiyyat peykləri, təyyarə, hava müşahidə şarı və PUA-lar vasitəsilə real zamanlı görüntülərin / məkan məlumatlarının əldə edilməsini və emal olunmasını təmin etməkdədir. Məsafədən Zondlama məlumatlarının sahədən əldə edilən məlumatlar ilə birgə istifadəsi ərazidəki real vəziyyəti hərtərəfli analiz etmək üçün vahid bir platforma təmin edir. Müasir dövrdə yüksək ayırdetmə dərəcəsinə malik peyk təsvirlərinin mövcudluğu dəqiqliyi artırılmış rəqəmsal xəritələrin / ortofotoların hazırlanmasına imkan verməkdədir. 

POLİQON JURNALI

Yaşar Nəsibov CİS mütəxəssisi

CATEGORIES
TAGS