“Coyote Block 3” dronu sınaqdan keçirilib

“Coyote Block 3” dronu sınaqdan keçirilib

Pilotsuz uçuş aparatı (PAU, dron) sürüləri gözardı edilə bilməyən son təhdidlərdən biridir və bu səbəbdən də bir çox inkişaf etmiş ölkələr müvafiq əkstədbirlər hazırlayır. Fransa bu yaxınlarda dronları məhv etmək üçün lazer sistemini sınaqdan keçirdi. ABŞ-da da dron sürülərinə qarşı mübarizə aparmaq imkanları artırılır.

“Poliqon” xəbər verir ki, “The Drive” portalı “Raytheon” şirkəti tərəfindən ABŞ Ordusunun istəyi ilə yaradılan “Coyote Block 3” dronunun uğurla sınaqdan keçirildiyini bildirib.

Şirkətin mətbuat xidmətinə görə, Coyote süzən sursata əsaslanan “Block 3” versiyası, düşmən dronlarını təsirsiz hala gətirmək üçün qeyri-kinetik döyüş başlığından istifadə edərək potensial kənar ziyanı azaldır. Məsrəf olunan analoqdan fərqli olaraq qeyri-kinetik variant döyüş meydanını tərk etmədən bərpa, təmir və yenidən istifadə edilə bilər.

Arizonadaki Yuma poliqonunda baş tutan sınaqlar zamanı “Coyote Block 3” dronu bir atışda on fərqli dronu vurmağı bacarıb. “Raytheon” şirkəti qeyri-kinetik döyüş başlığı texnologiyasını açıqlamır, ancaq böyük ehtimalla mikrodalğalı şüalandırıcı və ya radioelektron mübarizə susdurucusu texnologiyasından istifadə edir.

Qeyd edək ki, “Raytheon” şirkətinin “Coyote Block 3” dronu yaylım atəşli reaktiv sistemlərin (YARS) buraxma qurğularının istiqamətləndirci borusundan atıla bilən kiçik raketə bənzər drondur. Dronun faydalı yükü bilavasitə döyüş meydanında asanlıqla dəyişdirilə bilər və bu da dronu həm kəşfiyyat tapşırıqları, həm də zərbə əməliyyatları üçün çoxməqsədli vasitəyə çevirir.

Xatırladaq ki, bundan əvvəl “MoRFIUS” adlı oxşar bir inkişaf artıq “Lockheed Martin” şirkəti tərəfindən nümayiş etdirilib.

dron1

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS