
Çexiyanın “Czechoslovak Group” (CSG) şirkəti Bakıda keçirilən ADEX-2026 sərgisində iştirak edib. Şirkət sərgidə quru qoşunları üçün nəzərdə tutulmuş müxtəlif hərbi texnika, artilleriya sistemləri, radarlar, döyüş sursatları və digər müdafiə texnologiyalarını nümayiş etdirib.
“Poliqon”un məlumatına görə, CSG ADEX-2026 sərgisi çərçivəsində Azərbaycanda ikinci birgə müəssisəsinin yaradılması ilə bağlı planlarını da təqdim edib.
Azərbaycanda yaradılması nəzərdə tutulan yeni birgə müəssisə özüyeriyən artilleriya qurğularının (ÖAQ) istehsalının mərhələli şəkildə lokallaşdırılmasına və CSG-nin texnologiyaları ilə istehsal üzrə nou-haunun Azərbaycana transferinə yönələcək.
Mövcud qrafikə əsasən, birgə müəssisənin 2026-cı ilin dekabrında yaradılması, istehsala isə 2027-ci ildə başlanılması planlaşdırılır. Hazırkı orta müddətli plana əsasən, layihənin növbəti yeddi il ərzində 1,8 milyard avro həcmində biznes potensialına malik olacağı gözlənilir. Məxfilik şərtlərinə uyğun olaraq, CSG özüyeriyən artilleriya qurğularının konkret modellərini, planlaşdırılan istehsal həcmlərini və yerli tərəfdaşın adını açıqlamayıb.
Yeni layihə CSG-nin Azərbaycandakı sənaye fəaliyyətlərinin uzunmüddətli inkişafının davamıdır. Bu fəaliyyətlərin ilk birgə müəssisəsi olan VEXA DS şirkətinin yaradılması barədə qrup 2026-cı ilin aprelində məlumat verib. VEXA DS Azərbaycanda zirehli texnikanın və digər Quru Qoşunları hərbi texnikasının təmiri, texniki xidməti və modernləşdirilməsi ilə məşğul olacaq. Bu birgə müəssisənin proqramı ümumi dəyəri yüz milyonlarla avro təşkil edən yüzlərlə texnikanı əhatə edir və proqramın müddətinin 10 il və ya daha çox olması gözlənilir.
Qeyd edək ki, Azərbaycan CSG-nin istehsal, texniki xidmət, modernləşdirmə və texnologiya transferini birləşdirən uzunmüddətli sənaye iştirakını sistemli şəkildə qurduğu bazarlardan biridir. Planlaşdırılan ikinci birgə müəssisə bu strategiyanın daha da inkişaf etdirilməsini nəzərdə tutur. Beləliklə, yalnız hazır məhsulların ixracına əsaslanan model əvəzinə CSG öz texnologiyalarını və nou-hausunu mərhələli şəkildə inkişaf etdirilən yerli istehsal imkanları və uzunmüddətli sənaye tərəfdaşlığı ilə birləşdirəcək.
“CSG Defence Systems” bölməsinin baş icraçı direktoru Yan Marinov yeni yaradılacaq müəssisənin əhəmiyyəti barədə danışıb: “Azərbaycanda ikinci birgə müəssisənin yaradılmasına gətirib çıxaracaq sazişlərin imzalanması burada uzunmüddətli sənaye iştirakımızı formalaşdırdığımızı təsdiqləyir. Quru Qoşunlarının hərbi texnikasına texniki xidmət və modernləşdirmədən sonra əməkdaşlığımızı indi istehsalın lokallaşdırılmasını da əhatə edəcək şəkildə genişləndiririk. Növbəti yeddi il ərzində 1,8 milyard avro həcmində biznes potensialına malik bu layihə CSG üçün əhəmiyyətli uzunmüddətli imkan yaradır. Eyni zamanda, bizim modelimiz yalnız hazır məhsulların ixracına əsaslanmır. Bu model öz texnologiyalarımızın, yerli istehsalın, nou-haunun transferinin və uzunmüddətli sənaye tərəfdaşlığının birləşməsinə əsaslanır”.
Bildirək ki, istehsalın lokallaşdırılması bir neçə mərhələdə tədricən həyata keçiriləcək. CSG quru artilleriya sistemləri sahəsində öz texnoloji və istehsal nou-hausunu layihəyə cəlb edərək, birbaşa Azərbaycanda istehsal imkanlarının mərhələli şəkildə inkişaf etdirilməsində iştirak edəcək.
Bu model CSG-yə strateji xarici bazarlarda uzunmüddətli sənaye iştirakını formalaşdırmağa, eyni zamanda tərəfdaş ölkələrə öz müdafiə sənayelərinin inkişafı üçün zəruri olan texnologiya və imkanlara çıxış əldə etməyə şərait yaradır. Planlaşdırılan birgə müəssisə CSG-nin strateji xarici bazarlarda uzunmüddətli sənaye tərəfdaşlığı, texnologiya transferi, yerli istehsal və texniki xidmət imkanlarının inkişafına əsaslanan daha geniş strategiyasının bir hissəsidir.
ADEX sərgisi həmçinin CSG qrupuna daxil olan şirkətlərin məhsullarının nümayiş etdirilməsi üçün imkan yaradıb. Sərgidə “Tatra Export”, “Excalibur International”, “Excalibur Army”, “MSM Group” və “AviaNera Technologies” şirkətləri iştirak edib.
“Tatra Export” şirkətinin nümayəndələri potensial müştərilərə “Tatra” avtomobillərinin tam məhsul portfelini – xüsusilə silahlı qüvvələr üçün nəzərdə tutulmuş “Force” və “Tactic” seriyalarını təqdim ediblər.
“Excalibur International” şirkəti “Tatra” şassisi üzərində hazırlanmış “Tadeas” 6×6 zirehli avtomobilini, həmçinin PUA-lar, təyyarələr, helikopterlər, idarə olunan raketlər, bombalar və yüksək dəqiqlikli döyüş sursatları kimi hədəfləri aşağı və çox aşağı hündürlüklərdə məhv etmək, eləcə də yerüstü və dəniz hədəflərinə qarşı istifadə üçün nəzərdə tutulmuş “Viking” çoxfunksiyalı mobil döyüş sistemini nümayiş etdirib.
Sərgidə hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulmuş, aşağı radar izinə malik dronları aşkarlaya və izləyə bilən “ReGuard” kompakt mobil 3D radarı, eləcə də PUA-ların məhv edilməsi üçün hazırlanmış qabaqcıl CM-70 “Spear” tutcu raketi nümayiş olunub.
“Excalibur Army” şirkəti Bakıda yüksək mobilliyə malik “Tatra” şassisi üzərində hazırlanmış və artilleriya sistemləri və döyüş sursatları üzrə bütün NATO standartlarına cavab verən müasir 155 mm-lik “Morana” ÖAQ-ını təqdim edib.
“AviaNera Technologies” şirkəti müasir müdafiə platformaları, o cümlədən qanadlı raketlər, hədəf dronları və gəmiəleyhinə raketlər üçün nəzərdə tutulmuş MTF4000 seriyalı mühərriki nümayiş etdirib.
MSM Group şirkəti isə 155 mm və 122 mm-lik artilleriya sursatlarını, o cümlədən müasir tank və artilleriya sistemləri üçün nəzərdə tutulmuş müxtəlif növ 120 mm və 105 mm-lik sursatları təqdim edib.
Bundan əlavə, sərgidə “Qrad” tipli yaylım atəşli reaktiv sistemlər (YARS) üçün 122 mm-lik raketlər, 30×165 mm-lik orta çaplı döyüş sursatları, habelə 60 mm, 81 mm və 120 mm çaplı minaatan mərmiləri nümayiş olunub.








