SənayeXəbərlər

CSG Azərbaycanda zirehli texnikaların servisi və modernləşdirilməsi üçün birgə müəssisə yaradır

Çexiyanın “Czechoslovak Group” (CSG) şirkəti Azərbaycanda zirehli texnikaların və quru platformalarının servisi və modernləşdirilməsi üzrə yeni birgə müəssisə yaradır.

“Poliqon”un CSG-yə istinadən verdiyi xəbər görə, bunun üçün “Czechoslovak Group”un Azərbaycan nümayəndəliyi “Excalibur Army Azerbaijan” MMC ilə yerli tərəfdaş arasında “VEXA DS” MMC adlı birgə müəssisənin yaradılması barədə saziş imzalanıb.

Bildirilib ki, yeni yaradılan şirkət Azərbaycanda zirehli texnikaların və digər quru əsaslı hərbi avadanlıqların təmiri, servisi və modernləşdirilməsi ilə məşğul olacaq. Layihə çərçivəsində yüzlərlə texnikanın yenilənməsi nəzərdə tutulur. Ümumi dəyəri yüz milyonlarla avro olaraq qiymətləndirilən bu proqram, 10 il və daha uzunmüddətli investisiya təşəbbüsüdür.

“VEXA DS” MMC birgə müəssisəsi CSG-nin regionda sənaye əməkdaşlığının inkişafında növbəti addımını təmsil edir və şirkətin texnika təchizatı və satışdan sonrakı dəstək sahəsində mövcud fəaliyyətlərinə əsaslanır. Layihənin əsas elementlərindən biri hərbi texnikanın modernləşdirilməsi sahəsində CSG-nin texnologiya və nou-hau (know-how”) təcrübəsinin ötürülməsidir ki, bu da həm modernləşdirilmiş texnikanın imkanlarının artırılmasına, həm də onun istismar dövrü üzrə yerli xidmət bacarıqlarının inkişafına töhfə verəcək.

Qeyd olunub ki, layihə çərçivəsində həmçinin müasir təmir müəssisəsinin tikintisi də nəzərdə tutulur. Bu obyekt yalnız Azərbaycan üçün deyil, həm də daha geniş region üçün mərkəzi servis qovşağı rolunu oynayacaq. Gələcəkdə bu müəssisənin əhəmiyyətli regional oyunçuya çevrilməsi hədəflənir. Eyni zamanda, layihə Azərbaycanın Avropa tərəfdaşları ilə sənaye əməkdaşlığını inkişaf etdirmək və yerli istehsal və xidmət imkanlarını gücləndirmək istiqamətində apardığı siyasətə uyğun gəlir.

“CSG-nin son dövrlərdə Qərbi Avropanın bir sıra iri müdafiə şirkət və qruplarının diqqətini cəlb edən bazarda tədricən möhkəmlənməsindən qürur duyuruq. Uzunmüddətli sənaye əməkdaşlığı, texnologiya transferi və yerli imkanların inkişafına əsaslanan yanaşmamızın davamlı tərəfdaşlıq modeli olduğuna inanırıq”, – deyə Çexiyanın “Excalibur Army” şirkətinin (CSG-nin tərkibinə daxildir) baş direktoru Vladimir Stulançak vurğulayıb.

Back to top button