Danimarka ATMOS ÖAQ və PULS YARS alacaq

Danimarka ATMOS ÖAQ və PULS YARS alacaq

Danimarka İsrailin “Elbit Systems” şirkətindən ATMOS 2000 özüyeriyən artilleriya qurğuları (ÖAQ) və PULS yaylım atəşli reaktiv sisyemlər alacaq.

“Poliqon” xəbər verir ki, bu barədə Danimarkanın Müdafiə Nazirliyinin Material və Təchizat Agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Danimarka Müdafiə Komandanlığının tövsiyələri əsasında Müdafiə Nazirliyinin Material və Təchizat Agentliyi tərəfindən Silahlı Qüvvələrə yeni texnikanı operativ şəkildə çatdıra bilən tədarükçünün axtarışı aparılıb. Hazırda isə agentlik “Elbit Systems” şirkəti ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Danimarka bu addımı daha əvvəl bütün 19 ədəd CAESAR özüyeriyən haubitsalarını Ukraynaya təhvil verəcəyini elan etdikdən sonra atır.

Agentlikdən bildirilib ki, Müdafiə Komandanlığının tövsiyələri əsasında Müdafiə Nazirliyinin Material və Təchizat Agentliyi tərəfindən Silahlı Qüvvələrə yeni texnikanı operativ şəkildə çatdıra bilən tədarükçünün axtarışı aparılıb.

Danimarka mətbuatı yazır ki, ümumilikdə 19 ədəd ATMOS qurğusu və 8 PULS reaktiv sistemlərinin alınması planlaşdırılır.

PULS raket buraxma qurğusunun kombinasiyası yeni artilleriya sistemlərini tamamlamaq üçün bir üsuldur. Çünki əməliyyat ehtiyaclarını ödəmək üçün ilkin olaraq kifayət qədər tez və kifayət edəcək miqdarda artilleriya qurğularını çatdırmaq mümkün deyil.

ATMOS 2000 (Autonomous Truck Mounted Howitzer System) ÖAQ İsrailin “Elbit Systems” şirkətinin tərkibinə daxil olan “Soltam Systems” tərəfindən layihələndirilmiş və istehsal edilmiş 155 mm-lik özüyeriyən haubitsadır. ATMOS 2000 ÖAQ ailənin ən son nəsil artilleriya sistemidir.

Haubitsa 6×6 və ya 8×8 yük maşınlarının şassisinə quraşdırıla bilir. Özüyeriyən silahlar 39, 45 və 52 çap uzunluğunda lülələrlə təchiz olunur.

ATMOS 2000 ÖAQ 155 mm-lik NATO mərmilərinin tam çeşidindən istifadə edə bilir. Maksimal atəş məsafəsi adi döyüş sursatları ilə 30 km, aktiv-reaktiv ERFB/BB döyüş sursatları ilə 41 km-dir. Maksimal atəş tezliyi dəqiqədə 4 – 9 atış təşkil edir.

Perspektivli PULS YARS “Elbit Systems” şirkətinin müxtəlif, o cümlədən yüksək dəqiqlikli, idarə olunan reaktiv sursatlardan istifadə etmək imkanı olan 2 konteyneri yerləşdirən çoxməqsədli dəqiq universal buraxma sisteminin (Precise Universal Launching System) əsasında hazırlanıb.

PULS YARS buraxma qurğusuna aşağıda sadalan reaktiv mərmilər olan 2 konteyner yerləşdirilə bilər:

  • 122 mm çaplı və 35 km-ə qədər uçuş mənzilli AccuLAR-122 – 18 ədəd;
  • 160 mm çaplı və 40 km-ə qədər uçuş mənzilli AccuLAR-160 – 10 ədəd;
  • 306 mm çaplı və 150 km-ə qədər uçuş mənzilli Extra – 4 ədəd;
  • 370 mm çaplı və 300 km-ə qədər uçuş mənzilli Predator Hawk – 2 ədəd.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS