
Danimarka HHQ beşinci və altıncı F-35 qırıcılarını alıb
Danimarka Müdafiə Nazirliyi daha 2 ədəd F-35A qırıcısını ölkənin Kral Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verib.
Bu barədə “Poliqon” Danimarka Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Qırıcılar danimarkalı pilotların təlim keçdiyi “Luke” (ABŞ, Arizona ştatı) aviabazasına eniş edib. “Luke” aviabazasındakı Danimarka qəbul komissiyası L005 və L006 nömrələri daşıyan iki təyyarənin yoxlanılmasına başlayıb. Beləliklə, Danimarka Silahlı Qüvvələrinə verilən təyyarələrin sayı 6-ya yüksəlib.
Qeyd edək ki, birinci F-35A qırıcısı 2021-ci ildə yığılıb. İlk F-35A qırıcısının Danimarkaya gəlməsi isə 2023-cü ildə gözlənilir.
Danimarka 1997-ci ildən bəri F-35 qırıcısının inkişaf proqramında iştirak edir. Silah və aviakosmik məhsullar istehsal edən“Terma A/S”və maşınqayırmada ixtisaslaşan “Multicut A/S” adlı iki şirkət tərəfindən təmsil olunan Danimarka sənayesi F-35 proqramı üçün dirəklər (pilonlar), kompozit materiallar, proqram təminatı, radiolokasiya avadanlığı və üfüqi quyruq qanadları da daxil olmaqla bir sıra komponentlər istehsal edir.
2016-cı il mayın 12-də Danimarka hökuməti F-16 qırıcılarını əvəz etmək üçün ən azı 27 ədəd yeni F-35A qırıcısının alınmasını tövsiyə etmək qərarına gəlib.
Hazırda Danimarka HHQ-də 1980-ci ildən istismarda olan 30 ədəd F-16 qırıcısı var. Planlara əsasən, köhnəlmiş təyyarələr 2024-cü ilə qədər silahlanmadan çıxarılmalıdır.
Xatırladaq ki, 2017-ci ildə Danimarka parlamenti F-35 qırıcıları üçün 2026-cı ilə qədər proqramın bütün elementlərini əhatə edən maliyyə ayırmaları qanunu layihəsini təsdiqləyib. Planlaşdırıldığı kimi, Danimarka HHQ 2021-2026-cı illər arasında 27 ədəd yeni F-35 qırıcısı alacaq.
İlk F-35A qırıcısı “Lockheed Martin” korporasiyasında Danimarka HHQ-yə 7 aprel 2021-ci il tarixində təhvil verilib.
Bildirildiyi kimi, ilk F-35A qırıcılarının 2023-cü ildə Danimarkaya gəlməsi planlaşdırılır. Onlar hazırda lazımi infrastrukturun yaradılması üzrə işlərin aparıldığı “Skrydstrup” aviabazasında yerləşəcəklər.

L-005 nömrəli F-35A qırıcısı
Əhəd Əzizov